Bakı. Trend:
Yunanıstan-Bolqarıstan interkonnektoruna (IGB) bazar marağı yaxın bir neçə ildə daha da artacaq.
Bunu Trend-ə eksklüziv müsahibəsində ICGB-nin icraçı direktoru Teodora Georgiyeva deyib.
"2022-ci ilin sonunda IGB-nin işə salınması regionun enerji xəritəsini dəyişdirdi. Bu, istilik mövsümünün əvvəlində baş verdi və dərhal Bolqarıstan istehlakçıları üçün qiymətlərə müsbət təsir etdi. İlk beynəlxalq ixrac bazarlarımızdan biri Moldova oldu. Mövcud infrastrukturla interkonnektorun sinerjisi bizə təbii qazı bölgənin digər ölkələrinə nəql etməyə imkan verdi”, - deyə o bildirib.
T.Georgiyeva qeyd etdi ki, ICGB-nin fəaliyyətinin ilk ilində üzləşdiyi əsas problemlərdən biri müstəqil ötürmə sistemi operatoru kimi həyata keçirilməli olan bütün yeni fəaliyyətlərlə ayaqlaşmaq üçün işçi qüvvəsinin sürətlə böyüməsi və genişləndirilməsi zərurəti idi.
"Biz beynəlxalq təcrübəyə malik peşəkarlardan ibarət həqiqətən fədakar komanda yaratmağa müvəffəq olduq. Birgə səylərimiz sayəsində bir dəfə də olsun böyük insident və ya qaz təchizatında bir gün belə fasilə olmayıb", - icraçı direktor əlavə edib.
O qeyd edib ki, layihənin əvvəlindən ICGB kəmərin ötürmə qabiliyyətini ildə 5 milyard kubmetrə çatdırmaq imkanlarına malikdir.
"Ötürmə qabiliyyətinin artırılması prosesinin gözlənilən vaxtı ilə bağlı təfərrüatları açıqlaya bilmərik. Digər tərəfdən, Komotinidə kompressor stansiyasının tikintisi, eləcə də Aleksandrupoli şəhəri yaxınlığında mayeləşdirilmiş təbii qaz terminalının tikintisi IGB-nin gücünün tam potensialından istifadə etməyə töhfə verəcək, çünki bu layihələr əla sinerjiyə malikdir”, - T.Georgiyeva əlavə edib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.
Planlaşdırma mərhələsində boru kəmərinin texniki gücü təqribən ildə 5 milyard kubmetr olaraq hesablanıb və bu hədəfə nail olmaq yaxın gələcək üçün nəzərdə tutulur.
X: @Lyaman_Zeyn