Bakı. Trend:
Dubayda yerləşən GEOLOG International şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığı genişləndirməyi və qazma xidmətləri çərçivəsində qabaqcıl karotaj xidmətləri təklif etmək niyyətindədir.
Bu barədə Trend-ə GEOLOG International şirkətinin Əməliyyatlar Meneceri Kirill Partıko deyib.
"Biz Azərbaycan bazarında 2017-ci ildən fəaliyyət göstəririk və artıq "Ümid Babək Əməliyyat Şirkəti" (UBOC) ilə əməkdaşlıq etmişik. Gələcəyə baxaraq, SOCAR-ın daha dərin horizontlarda daha mürəkkəb quyuların qazılması planlarını nəzərə alaraq, biz qazma zamanı yüksək keyfiyyətli, yüksək texnologiyalı karotaj xidmətlərimizi göstərəcəyimizə ümid edirik. Yeni texnologiyalarımız xərclərin azaldılması və məlumatların keyfiyyətinin yaxşılaşdırılması baxımından SOCAR-a əhəmiyyətli faydalar gətirə bilər. Bu, yaxın gələcək üçün əsas prioritetimizdir", - o bildirib.
Qeyd edək ki, GEOLOG International innovativ texnologiyaları vasitəsilə mürəkkəb və bahalı quyu ölçmələrinə sərfəli və yüksək səmərəli alternativlər təklif edərək, neft və qaz sənayesi üçün quruda həllər sahəsində qlobal liderdir.
1982-ci ildən etibarlı müstəqil tərəfdaş olan şirkət 70-dən çox ölkədə fəaliyyət göstərir, neft, qaz və geotermal sektorlarda milli, beynəlxalq və müstəqil operatorlarla əməkdaşlıq edir. GEOLOG dərin və ultra-dərin qazma, yüksək təzyiq/yüksək temperatur (HP/HT), uzadılmış qazma, qeyri-ənənəvi yataqlarda və geotermal layihələrdə təcrübəyə malikdir.