Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2030-cu ilə qədər səmt neft-qazının rutin yandırılmasından tamamilə imtina etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühitin analitikası, enerji keçidi, ətraf mühit və dekarbonizasiya departamentinin rəhbəri Samir Qurbanov Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.
Onun sözlərinə görə, SOCAR tarixən kəşfiyyat, hasilat, emal və qlobal tərəfdaşlıq üzərində qurulub və bu amillər şirkətin irsinin əsasını təşkil edir.
“Şirkətin məqsədi 2035-ci ilə qədər aparıcı milli enerji şirkətləri sırasına daxil olmaq, qlobal oyunçuya çevrilmək və iqlim dayanıqlığını artırmaqdır. 2050-ci ilə qədər isə SOCAR qarşısına sıfır emissiyaya nail olmaq hədəfi qoyub”,- deyə o əlavə edib.
S. Qurbanov bildirib ki, bu, olduqca iddialı plandır, SOCAR-ı dünyanın aparıcı enerji şirkətləri sırasında möhkəmləndirir.
Məqsədlərə nail olmaq üçün görülən işlərdən danışan Samir Qurbanov vurğulayıb ki, 2030-cu ilə qədər şirkət səmt qazının rutin yandırılmasından tam imtina etməyi, həmçinin "upstream" seqmentində emissiya intensivliyini 30 faiz azaltmağı planlaşdırır.
“2035-ci ilə qədər SOCAR karbon intensivliyinin yenidən 30 faiz azalacağını və ümumi emissiyaların 20 faiz azalacağını nəzərdə tutur”, – şirkət nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, qarşıya qoyulan hədəflərin icrası üçün SOCAR üç əsas strategiya hazırlayıb:
- şirkətin bütün əməliyyatlarını əhatə edən dekarbonizasiya üzrə yol xəritəsi hazırlanıb;
- struktur transformasiya aparılıb və enerji keçidi, ekoloji fəaliyyət və dekarbonizasiya üzrə xüsusi seqment yaradılıb;
- beynəlxalq əməkdaşlıq genişləndirilib, o cümlədən qlobal təşəbbüslərdə iştirak və metan və karbon emissiyalarının sistemli ölçülməsi həyata keçirilir.
S. Qurbanov vurğulayıb ki, SOCAR-ın strategiyası deklarativ məqsədlərə deyil, dəqiq ölçülə bilən göstəricilərə əsaslanır.
O bildirib ki, transformasiya çərçivəsində şirkət genişmiqyaslı dekarbonizasiya proqramına, təşkilati dəyişikliklərə və aşağı karbonlu biznesin inkişafına start verib.
“Dayanıqlı energetika sahəsində layihələrin irəlilədilməsi üçün ixtisaslaşmış struktur – "SOCAR Green" yaradılıb. Bu qurum günəş və külək energetikası, geotermal həllər, "yaşıl hidrogen" və digər dayanıqlı texnologiyalar da daxil olmaqla, bərpa olunan enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir”, – o bildirib.
