Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) “Catalyzing Growth and Emerging Areas in Asia and the Pacific” təşəbbüsünün maliyyələşdirilməsini təsdiqləyib. Bu təşəbbüs region ölkələrinin etibarlı, əlçatan və aşağıkarbonlu enerji sistemlərinə keçidini sürətləndirməyə yönəlmiş regional texniki yardım proqramıdır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Proqramın maliyyələşdirilməsi “Smart Energy Innovation Fund” vasitəsilə 4 milyon ABŞ dolları həcmində həyata keçirilir və kənd təsərrüfatı, təbii sərvətlər, energetika, informasiya-kommunikasiya texnologiyaları, eləcə də su və şəhər infrastrukturu kimi əsas sektorları əhatə edir.
Regional texniki yardım klasteri AİB-in ayrı-ayrı inkişaf etməkdə olan üzv ölkələrində, o cümlədən Azərbaycan, Monqolustan, Filippin və Tailandda enerji sistemlərinin transformasiyasına dəstək göstərməyi hədəfləyir. Gələcəkdə proqramın əhatə dairəsinin Hindistan, Qazaxıstan, Kiribati, Qırğızıstan, Papua-Yeni Qvineya, Tacikistan və Tuvaluya qədər genişləndirilməsi istisna edilmir.
Asiya və Sakit okean ölkələrində həyata keçiriləcək proqram etibarlı, əlçatan və aşağıkarbonlu enerji sahəsinin inkişafına, sahələrarası, inteqrasiya olunmuş, eləcə də "ağıllı" enerji həllərinin hazırlanması və tətbiqi hesabına töhfə verəcək.
Əsas fəaliyyət istiqamətləri arasında suveren və qeyri-suveren təşəbbüslər üçün layihələrin müəyyənləşdirilməsi və hazırlanması, həmçinin bilik və təcrübənin yayılması yer alır.
