Dövlət Neft Şirkətinin (ARDNŞ) öz vəsaiti hesabına neft və qaz hasil etdiyi "Neft Daşları" yatağındakı 18-87 saylı stasionar dəniz platforması 2006-cı ilin əvvəlindən tez istismara verilə bilməz. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Şirkətin nümayəndəsinin sözlərinə görə, əvvəllər platformanın tikintisini ilin sonuna kimi başa çatdırmaq nəzərdə tutulmuşdu. Lakin bəzi ləngimələr üzündən bunu yalnız 2006-cı ilin əvvəllərində etmək mümkün olacaq.
Hazırda 18-87 saylı platformada 4 quyu qazılır. Göstərilən quyulardan sutkada 120 tondan artıq neft almaq nəzərdə tutulub. "Digər quyuları platforma tam istismara verildikdən sonra qazmaq nəzərdə tutulub ", - deyə ARDNŞ-dən bildiriblər.
Bu platformanın tikintisi "Neft Daşları"nda hasilatı sutkada 2400-2450 tona çatdırmağa imkan verəcək. Hazırda bu göstərici 2200- 2300 ton təşkil edir. Bəzi məlumatlara görə, platformanın tikintisi 20-30 milyon dollar təşkil edir.
"Neft Daşları" və "Palçıq təpəsi" yataqlarındakı qalan ehtiyatlar 30 milyon ton neft olduğu bildirilir. "Neft Daşları" NQEİ-nin quyu fondu 460 vahiddən artıqdır, onlardan 400-ə yaxını qazlift, 4-ü dərin nasoslu, digərləri fontan quyularıdır.