...

BP Azerbaijan yerli RT Services Ltd şirkəti ilə müqavilə imzalayıb

Energetika Materials 1 Avqust 2006 10:58 (UTC +04:00)

BP Azerbaijan yerli RT Services Ltd şirkəti ilə müqavilə imzalayıb. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir. "RT Servisiz Ltd" şirkəti təhlükəli maye tullantılarının təmizlənməsi xidmətləri üzrə müqaviləni almaq üçün BP-nin apardığı dörd aylıq ilkin seçmə və tender əsasında 26 iştirakçı (onlardan 18-i yerli şirkət və ya yerli biznes tərəfdaşları olan birgə müəssisələrdir) arasından seçilib.

Sənəddə qeyd olunur ki, bu, BP-nin "RT Servisiz" şirkəti ilə imzaladığı ilk birbaşa müqavilədir, bundan əvvəl həmin şirkətlə BP-nin birgə fəaliyyəti subpodratçı təşkilatlar vasitəsilə həyata keçirilmişdi. Müqavilənin müddəti 1 il, ümumi dəyəri isə 900.000 ABŞ dollarıdır. Bu müqavilə BP və tərəfdaşlarının həm öz müqavilələrində iştirak edən şirkətlərin sayını, həm də yerli səviyyədə verilən müqavilələrin dəyərini artırmaq vasitəsilə yerli ehtiyatlardan istifadə olunmasını maksimuma çatdırmaq səylərinə tam uyğundur.

"RT Servisiz Ltd" şirkəti 2002-ci ildə Azərbaycan da daxil olmaqla Xəzər regionunda həm yerli, həm də xarici şirkətlərə tullantıların idarə olunması xidmətləri göstərmək üçün təsis olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu şirkətə sənaye tullantılarının (o cümlədən toksik tullantıların) idarə olunması xidmətləri göstərmək üçün bütün müvafiq lisenziyaları verib.

"Daha bir ixtisaslaşmış yerli xidmət təminatçısı ilə işləmək imkanı əldə etməyimizdən çox məmnunuq. "RT Servisiz Ltd" şirkəti tullantıların məqbul standartlara uyğun idarə olunması xidmətlərini təmin etmək baxımından tələblərimizi tam ödəmək üçün bütün zəruri lisenziyalara malik təcrübəli bir şirkətdir", - deyə BP-nin ətraf mühit məsələləri üzrə regional meneceri Namiq Abbasov bildirib.

BP-nin məqsədi 2010-cu ilə qədər hər il yerli şirkətlər vasitəsilə xərclənən vəsaiti 500 milyon dollardan yuxari bir məbləğə çatdırmaqla kiçik və orta müəssisələr, eləcə də yerli birgə müəssisələr vasitəsilə ildə əlavə 250 milyon dollar xərcləməkdir.

Xəbər lenti

Xəbər lenti