...

"GOC"un sifarişi ilə Bakıya xüsusi neft-qaz avadanlığı gətirilib

Energetika Materials 10 Oktyabr 2006 18:38 (UTC +04:00)

Trend xəbər verir ki, "Cənubi-Qərbi Qobustan" müqavilə sahəsinin işlənilməsi ilə məşğul olan "Gobustan Operating Company" (GOC) "Duvannı" yatağında yerləşən dördüncü qaz quyusunu nəqliyyat sisteminə qoşmaq üçün avadanlıq alıb.

Bir qədər əvvəl qazılmış dördüncü qaz quyusu cəlbedici həcmdə karbohidrogen ehtiyatının olduğunu göstərib. Lakin quyunun ağzında aşkarlanmış böyük təzyiq quyuya əvvəlki üç quyuda olan analoji avadanlığı quyuya quraşdırmağa imkan vermir.

Mənbənin sözlərinə görə, avadanlıq quraşdırıldıqdan sonra quyu artıq inşa edilmiş qaz kəmərinə qoşulacaq və quyudan hasilata başlanılacaq.

Hal-hazırda "Gobu¬stan Ope¬rating Com¬pa¬ny" tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti üçün çatdırılan səmt qazının orta sutkalıq həcmi 40 min kubmetr təşkil edir. 4-cü və 5-ci quyular sistemə qoşulduqdan sonra, qaz tədarükünün həcmi əhəmiyyətli dərəcədə artacaq. "Ola bilsin ki, sutkada 400 min kubmetr yanacaq tədarük edilsin", - deyə mənbə bildirib.

Qazın qiyməti $1.29/1 mln. BTU təşkil edir ( $1.29/1 mln. BTU - $46/1 min m3 ).

"Cənubi-Qərbi Qobustan"da aparılan iki ölçülü və üç ölçülü (2D və 3D) seysmik kəşfiyyat işlərinə toxunan mənbə bildirib ki, işlər hələ ən azı 2 ay davam edəcək.

Seysmik kəşfiyyat işlərinin aparılması üzrə "GOC"un podratçısı qismində Azərbaycan Dövlət Neft Şirkətinin Geologiya və Geofizika İdarəsi çıxış edir. Subpodratçı isə Rusiyanın "Tümenneftgeofizika" trestidir.

"Cənubi-Qərbi Qobustan"a daxil olan "Daşgil", "Duvannı" və "Kənizədağ" yataqlarında 200 km2 sahədə üç ölçülü, "Mərkəzi" və "Şimal" bloklarında isə 480 km2 sahədə iki ölçülü seysmik kəşfiyyat işləri həyata keçiriləcək.

ARDNŞ-lə bağlanmış PSA əsasında "Cənubi-Qərbi Qobustan"ın işlənilməsi ilə "GOC" əməliyyat şirkəti məşğul olur. Şirkətdə 80% iştirak payı "Commonwealth Gobustan Limited" şirkətinə, 20 %-lik pay isə ARDNŞ-ə məxsusdur. "Commonwealth Gobustan Limited"də 37,17% "Arawak Energy"yə, 62,83% isə "China National Petroleum Company" şirkətlər qrupuna məxsusdur.

Xəbər lenti

Xəbər lenti