Bu il Azərbaycanla İran arasında mal dövriyyəsi həcmində artım 30% müşahidə olunur. Trend xəbər verir ki, bu barədə dekabrın 29-da keçirilən mətbuat konfransında İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin statistikasına əsasən ilin sonuna qədər iki ölkə arasında mal dövriyyəsinin həcmi 500 mln.dollara çatacaq.
Səfir deyib: "Ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün bizim böyük potensialımız var". Diplomat qeyd edib ki, İran biznesmenləri gələn il Azərbaycanda investisiyaların həcmini artırmaq niyyətindədir.
Ümumilikdə o, 2006-cı ili ikitərəfli münasibətlər üçün uğurlu sayıb.
Səfirin sözlərinə görə, Azərbaycan hökuməti baş nazirinin birinci müavini Yaqub Eyyubovun İrana səfəri zamanı başlanan İran qazının Azərbaycana tədarükü ilə bağlı danışıqlar yaxın zamanlarda yenə davam etdiriləcək.
Tərəflər layihənin texniki detallarını müzakirə edəcək. Səfir istisna etməyib ki, qazın həcmi ildə 2 mlrd. kubometri keçə bilər.