Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) monetar şərtlərlə inflyasiya təzyiqini məhdudlaşdırmağa çalışır.
Trend cümə günü xəbər verir ki, bunu AMB-nin Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov Dünya Bankının hesabatının təqdimatında deyib.
"Son il ərzində AMB uçot dərəcəsini 6,25%-dən 9%-ə qaldırıb, sterilizasiya üzrə əməliyyatları aktivləşdirib, həmçinin faiz kanalının ötürücülük qabiliyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görüb. 2022-ci ilin sentyabrından pul-kredit siyasəti vasitələri yeni konfiqurasiyada tətbiq olunacaq. Daimi imkanların vasitələri aktivləşib, açıq bazarda əməliyyatların spektri genişlənib, məcburi ehtiyatların normalarının differensiasiya qaydası dəyişib. Həm yerli pul-kredit siyasəti vasitələrinin tətbiqi, həm də maliyyə bazarlarının infrastrukturunun inkişafı üzrə görülən işlər pul bazarının aktivləşməsi ilə müşayiət olunur. Hazırda Azərbaycanda pul bazarı əsasən 2 seqmentdən ibarətdir: təmin olunmamış və təmin olunmuş. Təmin olunmamış seqment "Bloomberg" platformasında çalışır. Təmin olunmuş seqment isə "Bakı Fond Birjası" QSC-nin platformasında fəaliyyət göstərən REPO bazarıdır. Hər iki istiqamətdə baş verən aktivləşmə reprezentativ faiz indekslərinin formalaşmasına şərait yaradır. Bu reprezentativ faiz indeksləri gündəlik əsasda hesablanır və dərc olunur. Müsbət məqam isə ondan ibarətdir ki, hər iki seqmentdə formalaşan faizlər AMB-nin faiz dəhlizinə reaksiya verməyə başlayıblar. Deyə bilərik ki, pul-kredit siyasətinin faiz transferi artıq işə yarayır", - deyə A.Ələsgərov qeyd edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)