...

Soltanlı kəndinin yenidən qurulması 5 minə yaxın insanın qayıtmasına şərait yaradacaq - Peter Siyarto (Özəl müsahibə) (FOTO)

Yaşıl iqtisadiyyat Materials 25 Noyabr 2023 08:00 (UTC +04:00)
Soltanlı kəndinin yenidən qurulması 5 minə yaxın insanın qayıtmasına şərait yaradacaq - Peter Siyarto (Özəl müsahibə) (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan konsorsiumu Qarabağın Soltanlı kəndinin yenidən qurulmasına başlayır.

Bunu Trend-ə Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto eksklüziv müsahibəsində deyib.

"Macarıstan Qarabağla bağlı hər zaman dəqiq mövqedə olub. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Biz əvvəlcədən aydın şəkildə bildirmişdik ki, bərpa quruculuq işlərində iştirak etməkdən çox məmnun olarıq və uzun müzakirələrdən sonra razılığa gəldik. Macarıstan şirkəti Soltanlı kəndinin bərpası üçün konsorsium yaradaraq şirkətlərlə müqavilə bağlayıb. Biz Soltanlıda kəndin yenidən qurulmasına başlamaq və 5 minə yaxın insanın buraya qayıtması üçün təməlqoyma mərasimində iştirak etdik. Biz evlər, məktəblər, xəstəxanalar, sosial müəssisələr tikməyi planlaşdırırıq", - deyə o bildirib.

Səfərin məqsədləri haqqında

Peter Siyarto bildirib ki, bu dəfə Macarıstan üçün böyük əhəmiyyət kəsb edən SPECA-nın (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) nazirlər toplantısında iştirak etmək üçün Bakıya gəlib.

“Şərqlə Qərb, Aİ və Asiya arasında əlaqə bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz istəmirik ki, Asiyanı Avropadan ayırıb təcrid etmək istəyən siyasətçilər öz iradələrini diktə etsinlər. Biz Mərkəzi Asiyanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını görürük. Biz görürük ki, Mərkəzi Asiyanın rolu getdikcə daha çox əhəmiyyət kəsb edir. Biz Mərkəzi Asiyanın güclənməsinə töhfə vermək istərdik. Biz infrastrukturun inkişafında, modernləşmədə, rəqəmsallaşmada iştirak etmək istərdik”, - deyə nazir bildirib.

Orta Dəhlizin inkişafı

Peter Siyarto əlavə edib ki, Macarıstan Orta Dəhlizin inkişafında maraqlıdır.

“Çin indi Macarıstan iqtisadiyyatı üçün ikinci idxal mənbəyidir. Macarıstan Mərkəzi Avropada Çin sərmayəsi üçün bir nömrəli ölkədir. Biz bu regiondan getdikcə daha çox enerji resursları, o cümlədən Qazaxıstandan neft və Azərbaycandan təbii qaz alırıq. Ona görə də biz Asiya və Avropa arasında çatdırılma marşrutlarının imkanlarının artırılmasında maraqlıyıq. Bu o deməkdir ki, biz Orta Dəhlizin imkanlarının artırılmasına töhfə vermək istərdik. Bu baxımdan Xəzər regionundan Mərkəzi Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan “Yaşıl Dəhliz” adlı layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniya ilə nümunəvi əməkdaşlığımız var”, - deyə o bildirib.

Xəzər-Aİ yaşıl dəhlizi

Nazir qeyd edib ki, Macarıstan ətraf mühitin qorunmasına sadiqdir.

“Eyni zamanda, biz iqtisadi rəqabət qabiliyyətinin artırılması ilə ətraf mühitin qorunması arasında tarazlığı saxlamağa çalışırıq. Ona görə də biz Macarıstanda davamlı enerji istehsalının əldə edilməsində maraqlıyıq. Buna görə də biz günəş və nüvə enerjisinə sərmayə qoyuruq. Biz idxal olunan mənbələrin əksəriyyətinin həm də ekoloji cəhətdən təmiz olmasını təmin etməkdə maraqlıyıq. Xəzər regionunda “yaşıl” elektrik enerjisi potensialı çox böyükdür. Beləliklə, həm tələb, həm də təklif baxımından məna kəsb etmək üçün Qara dənizin altından keçən elektrik xəttinin gücü 3-4 giqavat arasında olmalıdır”, - deyə o bildirib.

Azərbaycandan Macarıstana qaz tədarükü

Peter Siyarto qeyd edib ki, Macarıstan enerji təchizatı mənbələrini və çatdırılma marşrutlarını şaxələndirmək istəyir.

“Bizim üçün diversifikasiya mövcud mənbələri başqaları ilə əvəz etmək deyil, enerji balansına yeni mənbələr əlavə etməkdir. Ona görə də Azərbaycan bu sahədə əməkdaşlıq üçün çox vacib tərəfdaşdır. Biz bu il Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz tədarükünün şərtlərini razılaşdırmışıq və bu həcmin ildə təxminən 1 milyard kubmetrə çatdırılmasında maraqlıyıq”, - deyə nazir bildirib.

Təəssüf ki, Siyartonun dediyi kimi, bu, təkcə Azərbaycan və Macarıstandan asılı deyil.

“Bu, infrastrukturdan və çatdırılma marşrutlarının imkanlarından asılıdır. Biz artıq Avropa Komissiyasından xahiş etmişik ki, Cənub-Şərqi Avropada infrastruktur imkanlarını artırmaq üçün bizə maliyyə resursları ilə kömək etsin. Təəssüf ki, Aİ bundan imtina edib. Bu, bizim nöqteyi-nəzərimizdən qəbuledilməzdir. Onlar deyirlər ki, 15 ildən sonra qaz milli enerji balansının bir hissəsi olmayacaq. Deyirik, birincisi, xəbərimiz yoxdur, ikincisi, belə olsa belə, yaxın illərdə nə olacaq? Avropa Komissiyası mənbələrimizi şaxələndirmək üçün bizə təzyiq edir, lakin onlar Cənub-Şərqi Avropada infrastruktur potensialının genişləndirilməsinin maliyyələşdirilməsində iştirak etməyə hazır deyillər. Amma biz Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Slovakiya ilə birlikdə həll yollarını tapmaq üçün çalışırıq”, - deyə o bildirib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizinin imkanları təkcə Macarıstana tədarük baxımından deyil, bütövlükdə Avropada tələbatın artması baxımından da artırılmalıdır.

“Cənub-Şərqi Avropada şəbəkənin tutumunun artırılmasının mümkün olub-olmadığını bilmək bizim üçün vacibdir. Çatdırılma marşrutu Türkiyə, Bolqarıstan, Serbiya və Rumıniyadan keçəcək. Çatışmazlıqlar var ki, onları aradan qaldırmaq, boru kəmərlərinin və birləşdirici qurğuların ötürücülük qabiliyyətini artırmaq lazımdır. Cənub Qaz Dəhlizi kimi tədarük marşrutlarının imkanları nə qədər çox olarsa, yeni enerji mənbələrinə çıxış əldə etmək ümidlərimiz də bir o qədər çox olar. Ona görə də Macarıstan Cənub Qaz Dəhlizinin imkanlarının artırılmasında maraqlıdır”, - deyə Siyarto bildirib.

İkitərəfli ticarətdə rekord

“Çox yaxşı xəbərimiz var. Bu ilin 8 ayında Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 100 milyon dollara yaxınlaşıb. Səkkiz ay ərzində ticarət həcmi hər hansı bir əvvəlki illə müqayisədə daha çox olmuşdur. Bu o deməkdir ki, biz bu il rekord qırırıq, bu, əladır. Biz bununla bağlı işimizi davam etdiririk”, - deyə nazir bildirib.

Macarıstan şirkətlərinin Azərbaycana korporativ sərmayələrinə gəlincə, Siyarto qeyd edib ki, enerji içkiləri istehsalçısı "Hell" ölkəyə 211 milyon dollar sərmayə qoyub.

“Bu şirkət sizin bazarda çox uğurludur və burada istehsal qurmaq istəyir. Ən böyük əczaçılıq şirkətimiz "Richter" sizin əczaçılıq şirkətlərinizdən biri ilə istehsal müqaviləsi imzaladı. Burada tibbi və əczaçılıq məhsulları da istehsal olunacaq. Beləliklə, Macarıstan şirkətləri investisiya qoymağa başlayıblar, ticarət rekordları qırır, üstəlik biz qaz alırıq. Bu, münasibətlərimizdə tamamilə yeni dövrdür”, - deyə o bildirib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti