Bakı. Trend:
COP29 çərçivəsində dünya liderlərinin qarşısında Paris Sazişinin və İqlim Dəyişmələri üzrə Qlobal Fəaliyyət Planının yerinə yetirilməsini təmin etmək vəzifəsi durur.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ADA Universitetində keçirilən “İqlim dəyişmələrində ali təhsilin rolu: iqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsinin yaradılması yolunda” adlı tədbirdə deyib.
“Dünyada hər 2 uşaqdan biri iqlim dəyişmələrinin yaratdığı son dərəcə yüksək risk zonasına düşən ölkələrdə yaşayır. Hər il iqlim dəyişmələrinin nəticələri 40 milyona yaxın uşağın təhsilə çıxışına təsir edir. Lakin COP konfransında gənclərin çıxışları göstərib ki, BƏƏ-də əldə olunan razılıq sayəsində gəncləri iqlim gündəliyinin mərkəzinə qoymaq üçün mühüm addım atılıb. Gələcək COP29 sammitində dünya liderlərinin qarşısında Paris Sazişinin və İqlim Dəyişmələri üzrə Qlobal Fəaliyyət Planının yerinə yetirilməsini təmin etmək vəzifəsi durur.
Paris Sazişinin vədlərini reallaşdırmaq və gələcək nəsillərə iqlim həlləri təqdim etmək üçün ambisiyaları artırmaq və fəaliyyətləri aktivləşdirmək lazımdır. Bu, milli iqlim planlarının daha ambisiyalı parametrlərini müəyyənləşdirmək və ümumi iqlim məqsədlərini nəzərdən keçirib gücləndirmək deməkdir.
Bu, milli hökumətlərin, milli adaptasiya planlarının və ekoloji cəhətdən təmiz nəqliyyat həllərinin töhfəsi ilə bağlıdır. Biz bu təşəbbüslərin həyata keçirilməsini təmin etməli və aktiv iqlim fəaliyyətini stimullaşdırmalıyıq”, - o vurğulayıb.
Onun sözlərinə görə, bu prosesin ən vacib elementi Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və sinerji yaradılması olacaq ki, bu da iqlim məsələlərinin həlli üçün hazır olan milli elmi icma formalaşdırmağa imkan verəcək.
“Biz gənclərə dayanıqlı gələcək yaratmaq üçün lazım olan ekoloji bacarıqları öyrənməyə kömək edə bilərik və iqlim dəyişmələri sahəsində daha dərin bir təhsil verərək uşaqların və gənclərin ambisiyalarına cavab verə bilərik. Rollback tədqiqatına görə, gənclərin 60 faizi iqlim dəyişmələri barədə kifayət qədər məlumat almadıqlarını düşünür. Bu, iqlim gündəliyinin təhsil sisteminə daha fəal şəkildə inteqrasiyası zərurətini göstərir. Uşaqlarımız və gələcək nəsillərimiz üçün daha dayanıqlı bir dünya yaratmaq üçün qərarlı addımlar atmağın zamanı gəldi”, - M.Babayev əlavə edib.