Bakı. Trend:
Azərbaycanda Macarıstan kapitallı 26 şirkət fəaliyyət göstərir.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın Milli Günü - 1956-cı il Macarıstan inqilabının ildönümü şərəfinə keçirilən qala tədbirində deyib.
“Bu günə qədər Azərbaycan ilə Macarıstan arasında imzalanmış 60-dan çox sənəd ikitərəfli əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır, beynəlxalq və regional təşkilatlarda bir-birini dəstəkləyir, qlobal və regional məsələlərdə eyni fikirdədir.
İki ölkə arasında iqtisadi əlaqələr sabit artım dinamikası nümayiş etdirir. Hazırda Azərbaycanda Macarıstan kapitallı 26 şirkət fəaliyyət göstərir”, - deyə S.Babayev vurğulayıb.
Nazir qeyd edib ki, son 8 ayda iki ölkə arasında ticarət dövriyyəsinin 30 faiz artması ikitərəfli iqtisadi əlaqələrin möhkəmliyinin bariz nümunəsidir.
"Azərbaycan və Macarıstan arasında ənənəvi və yaşıl enerji sahəsində əməkdaşlıq da yeni mərhələyə keçib", - S.Babayev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan Macarıstanın COP29-da fəal iştirakını gözləyir.
"Biz əminik ki, macar dostlarımız bu konfransın uğuruna mühüm töhfə verəcəklər", - nazir bildirib.