Bakı. Trend:
Azərbaycanda bank sektorunun rəqəmsal transformasiyası və dayanıqlı inkişafı strateji əhəmiyyətli məsələlərdir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“Bank sektorunun rəqəmsal transformasiyası və dayanıqlı inkişafı həm qlobal kontekstdə, həm də ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. 2024–2026-cı illər üçün Azərbaycanın Maliyyə Sektorunun İnkişaf Strategiyasına daxil edilmiş çoxsaylı təşəbbüslər arasında risk yönümlü nəzarətin tətbiqi, açıq bankçılığın inkişafı və nağdsız ödənişlərin həcminin artırılmasını qeyd etmək olar.
Bir neçə əsas məqamı qeyd etmək istəyirəm. “Risk-Based Supervision” (RBS) sisteminə keçid “RegTech” və “SupTech” həllərinin inkişafını, həmçinin məlumatların idarə edilməsində böyük səyləri tələb edir. Bu, yalnız Mərkəzi Bankda məlumatların düzgün idarə edilməsini deyil, həm də banklar və digər nəzarət subyektlərində saxlanılan məlumatların idarə edilməsinə yanaşmaları əhatə edir”, - deyə o vurğulayıb.
V.Xəlilov bildirib ki, 2024-cü ildə kartlarla aparılan nağdsız əməliyyatların həcmi 66 faiz artıb.
“Bundan əlavə, yeni “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun bazarın şəffaflığını və rəqabət qabiliyyətini artıraraq istehlakçılara daha rahat xidmətlər təqdim etməyə imkan yaradır. Hazırda Mərkəzi Bank tərəfindən 14 elektron ödəniş təşkilatı, 8 ödəniş qurumu və 1 ödəniş sistemi operatoru lisenziyalaşdırılıb. Bu, həmin qurumların dayanıqlığını gücləndirir və nəzarət subyektləri kimi vətəndaşların və ümumilikdə maliyyə sektorunun maraqlarını qoruyur”, - deyə o əlavə edib.
V.Xəlilovun sözlərinə görə, açıq bankçılıq və açıq maliyyə təşəbbüsləri inklüziv, şəffaf və effektiv maliyyə sisteminin yaradılmasına yönəlib.
“Bu yanaşma banklar, fintex şirkətləri və istehlakçılar üçün yeni imkanlar açır. Banklar üçün bu, yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübəsi deməkdir. Fintex şirkətləri üçün isə banklarla əməkdaşlıq çərçivəsində qabaqcıl maliyyə alətlərinə çıxış təmin edir. İstehlakçılar üçün isə bu, daha çox seçim, şəffaflıq və təhlükəsizlik deməkdir. Banklar bu imkanlardan yararlanmaqda ön sıralardadır, çünki onların bu sahədə texniki imkanları və potensialı daha inkişaf edib. Bəzi banklar artıq tam fəaliyyət mühitinə çıxmağa hazırdır, digərləri isə yaxın zamanda bu səviyyəyə çatacaq.
Mərkəzi Bank həmçinin, innovativ maliyyə həllərinin test edilməsi və təhlükəsiz şəkildə bazara çıxarılması üçün xüsusi tənzimləyici rejim yaradıb. Bu rejim çərçivəsində bir neçə uğurlu məhsul qəbul edilib və yaxın vaxtlarda onların tətbiqinin ikinci mərhələsi başlanacaq. Bu mexanizm hələ tənzimləyici çərçivəyə daxil olmayan xidmətlərin test edilməsinə və strategiyada nəzərdə tutulmuş innovasiyaların irəliləməsinə imkan yaradır”, - deyə V.Xəlilov qeyd edib.