Azərbaycan, Bakı, 19 noyabr/ Trend / Londonda Azərbaycanın mobil operatoru "Azercell"in dəstəyilə Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) keçirilib. Azercell - MDB-də IIP - Investors İn People beynəlxalq sertifikatını alan ilk təşkilatlardandır.
Forumun məqsədi Azərbaycanın neft kapitalının insan kapitalına və sərmayəsinə çevrilməsi yollarını araşdırmaqdır.
Tədbirin əvvəlində İngilis-Azərbaycan cəmiyyətinin sədri Lord Freyzer və Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış ediblər. Forumda özəl sektoru "Azercell Telekom" MMC-nin vitse-prezidenti Ali Ağan təmsil edib. O qeyd edib ki, təmsil etdiyi şirkət gələcək nəsillərə sərmayə qoyur.
Ümumilikdə forumda Avropanın müxtəlif ölkələrində təhsil alan 100-ə yaxın azərbaycanlı tələbə iştirak edib.
Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) 2006-cı ildə Brüsseldə yaradılıb. Forumun əsas məqsədi xaricdə təhsil alan və yaşayan gəncləri ölkənin gələcəyi ilə bağlı məsələlərə biganə qalmamağa çağırmaq, Avropa Birliyi strukturlarında milli maraqlarımızla bağlı lobbiçilik işini qurmaqdır. İndiyə qədər FASE-nin toplantıları Almaniya Bundestaqında, Avropa Şurasında, Avropa Parlamentində və Fransa senatında baş tutub.