...

Avialaynerlərin bortunda mobil rabitə xidmətindən istifadə mümkün olacaq - Dövlət Komissiyası

Telekommunikasiya Materials 1 Mart 2010 11:01 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) avialaynerlərin bortunda mobil rabitə xidmətinin istifadəsi məsələsini nəzərdən keçirib. Bu barədə Trend Capital-a DRİ-nin rəisi Əflatun Məmmədov məlumat verib.
Avialaynerlərin bortunda mobil rabitə xidmətindən istifadə mümkün olacaq - Dövlət Komissiyası

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir Q.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) avialaynerlərin bortunda mobil rabitə xidmətinin istifadəsi məsələsini nəzərdən keçirib. Bu barədə Trend -a DRİ-nin rəisi Əflatun Məmmədov məlumat verib.

Məmmədovun sözlərinə görə, hazırda əsas məsələ icazənin verilməsidir. Bundan sonra avialaynerlərin bortunda da mobil rabitədən istifadə mümkün olacaq.

Bu gün aviaşirkətlərin bir çoxu laynerin bort avadanlığının düzgün işləyə bilməməsindən ehtiyat edərək mobil telefonlardan istifadəni qadağan edirlər. Qadağa onunla izah edilir ki, mobil şəbəkələr arasında çevik yerdəyişmə onların yerdəki işinin, həmçinin təyyarələrin bort avadanlığının pozulmasına səbəb ola bilər. Lakin müasir texnologiyalar GSM avadanlığının laynerin bort qurğusuna maneə törətmədən işləməsinə imkan verir.

"Azərbaycanda avialaynerlərdə rabitə xidmətlərinin tətbiqi məsələsi beynəlxalq normalara uyğun həll olunmalıdır. Praktikada rabitə və məlumatların ötürülməsi xidmətlərini "Flight mode" rejimində göstərmək mümkündür. Söhbət bu funksiyanı daşıyan bort avadanlığından gedir. Lakin bort avadanlığından istifadə üçün rəsmi icazənin alınması lazımdır. Artıq bizə müvafiq icazənin alınmasına dair müraciətlər daxil olub. İcazə alındıqdan sonra sərnişinlər təyyarənin bortunda mobil rabitə xidmətindən istifadə edə biləcəklər", - Məmmədov bildirib.

DRİ rəisinin sözlərinə görə, laynerin bortunda rabitə xidmətinin genişləndirilməsində növbəti mərhələ mobil rabitə operatorları və aviadaşıyıcılar arasında məsələlərin razılaşdırılmasıdır.

AZAL-dan bildirilib ki, hazırda təyyarələrin bortunda mobil rabitə xidmətlərinin təqdim olunması məsələsinə aviaşirkətlər tərəfindən baxılır. Lakin bu məsələ avialayner parkının genişləndirilməsindən sonra mümkün olacaq ki, bu da 2014-cü ilin sonları üçün nəzərdə tutulub.

Müasir avialaynerlərin müvafiq geniş imkanları gələcəkdə AZAL sərnişinlərinin təyyarənin bortunda telekommunikasiya xidmətlərindən istifadə etməsinə imkan yaradacaq.

DRİ ötən ilin noyabrında təyyarələrin bortunda mobil rabitə üçün 1800 MHz diapozonda radiotezlikdən istifadə olunmasına icazə verib. Bundan əvvəl DRİ-dən verilən məlumata görə, avialaynerlərin bortundan zənglər üçün peyk texnologiyaları cəlb olunacaq, belə ki, uçuş zamanı müəyyən edilmiş GSM terminallarından istifadə mümkün deyil.

Bort avadanlığının istifadəsi üçün DRİ-də qeydiyyatdan keçmək lazımdır. Avialaynerlərin bortunda mobil rabitə sisteminin tətbiqi gələcəkdə aviabiletlərin qiymətinə də təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti