Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Vəliyev/
Əqli mülkiyyət sahəsində piratçılığın qarşısının alınması üzrə qanunvericilik təkmilləşdirilməlidir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun məlumatında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova istinadən bildirilir.
İmanovun sözlərinə görə, bu gün Azərbaycanda əqli mülkiyyət sahəsində piratçılıq yüksək səviyyədədir ki, bu da inzibati-təşkilati tədbirlərin həyata keçirilməsini tələb edir.
Agentlik tərəfindən "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" qanun layihəsi hazırlanıb. Layihə artıq aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq, Nazirlər Kabinetinə təqdim olunub.
Layihə əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, müəlliflərin qanuni şəkildə maraqlarının qorunması, piratçılığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiya olunması, əsərlərin, fonoqramların və digər əqli mülkiyyət hüquqları obyektlərinin rəqəmli kodlaşdırılması, onların nüsxələrinə xüsusi seriya nömrəsi olan nəzarət markalarının yapışdırılması ilə bağlı məsələlərin tənzimlənməsinə yönəlib.
Qanunun üçüncü fəsli piratçılıqla mübarizəyə həsr olunub. Bu fəsildə müxtəlif sahələrdə, xüsusən də mədəniyyət və incəsənət, elmi-texniki sahədə əsərlərin, icad və ixtiraların, digər əqli mülkiyyət obyektlərinin kodlaşdırılmasının təşkili ilə bağlı konkret normalar verilib. Qanun informasiya texnologiyalarından qanunsuz istifadənin qarşısını alacaq. İmanovun sözlərinə görə, bu, əqli mülkiyyət hüquqlarının artan iqtisadi inkişaf tempi, əqli mülkiyyətin elektron ticarət sisteminə sürətlənən inteqrasiyası ilə əlaqədar qaçılmazdır.
Qanun normalarına uyğun olaraq, məhkəmə əqli mülkiyyətin hüquqlarının pozulması ilə gətirilən kontrafakt malların və pirat nüsxələrin ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması, hüquq sahibinə dəyən ziyanın kompensasiyası üçün əqli mülkiyyət hüquqlarını qəsdən və ya bilmədən pozan şəxslərin müvafiq məbləği ödəməsi barədə qərar çıxara bilər.
Bununla yanaşı, məhkəmə qanun pozucusuna kompensasiya ödəmədən, kontrafakt məhsulu ticarət şəbəkəsindən çıxara, həmçinin, qanunsuz malların istehsalında istifadə olunan avadanlıq və materialları müsadirə edə bilər.