Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan və İranın poçt rabitəsi administrasiyalarının əməkdaşlığı məsələsinə qarşıdakı beynəlxalq konfransların gedişində baxılması planlaşdırılır. Bu barədə Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov çərşənbə günü məlumat verir.
Məmmədovun sözlərinə görə, məsələyə oktyabrın sonlarında Astanada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının iclası, oktyabrın sonu - noyabrın əvvəllərində Berndə (İsveçrə) keçiriləcək Ümumdünya Poçt İttifaqının payız sessiyasının gedişində, eləcə də noyabrın 24-25-də İstanbulda keçiriləcək poçt xidmətləri və poçt rabitəsi administrasiyalarının Avropa Konfransının (CEPT - Conference of European Post and Telecommunications) iclasları çərçivəsində baxılması planlaşdırılır.
Bu gün tərəflər pul köçürmələri, beynəlxalq poçt yollamaları, İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına yerüstü poçt yollamaları və poçt markalarının birgə çap olunması sahəsində əməkdaşlıq üzrə ilkin sazişə malikdirlər.
İranla poçt sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin 2009-cu il martın 10-da Tehrana səfəri zamanı Azərbaycanın Rabitə və İnfolrmasiya Texnologiyaları Nazirliyi ilə İranın İnformasiya və Rabitə Nazirliyi arasında imzalanan memorandum çərçivəsində aparılır.
Sənədə uyğun olaraq, ikitərəfli görüşlərin müntəzəm keçirilməsi planlaşdırılır.