Azərbaycan, Bakı, 11 may /Trend/
Mayın 7-9-da Nar Mobile-ın kommunikasiya dəstəyi, Aktiv Media şirkətinin təşkilatçılığı ilə bir qrup jurnalist və şirkət nümayəndələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər Zirvəsi"nə yürüşdə iştirak ediblər. "Heydər Zirvəsi"nə çıxan 7 nəfər arasında Nar Mobile, Nurgün Group şirkətinin əməkdaşları, jurnalistlər və təcrübəli bələdçi iştirak edib.
Təşkil edilmiş yürüşün məqsədi jurnalistlər tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək idi.
"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar təşkil olunmuş yürüşə dəstək olmağımıza çox şadıq. Azərbaycanda İKT sektorunun sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu sahədə mobil rabitə aparıcı rola malikdir. Bizim üçün çox xoşdur ki, yürüş iştirakçıları səfər müddətində məhz Nar Mobile şəbəkəsindən istifadə edərək öz yaxınları ilə dəfələrlə rabitə əlaqəsi yaradaraq şəbəkəmizin yüksək keyfiyyətliliyinin şahidi olublar", -Azerfon şirkətinin baş icraçı direktrou Yurgen Pitz bildirib.
Böyük Qafqazın yüksək dağ silsilələrindən olan "Heydər Zirvəsi"nin hündürlüyü 3751 metrdir. Bu zirvə ilk dəfə 1998-ci ildə mərhum prezident Heydər Əliyevin 75 illiyi münasibətilə fəth olunub.