...

Naxçıvan MR-də telefon şəbəkəsinin ehtiyat idarəetmə sistemi istifadəyə verilib

Telekommunikasiya Materials 22 Mart 2012 12:15 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ümumi istifadə üçün nəzərdə tutulmuş telefon şəbəkəsinin ehtiyat idarəetmə sistemini yaradıb.
Naxçıvan MR-də telefon şəbəkəsinin ehtiyat idarəetmə sistemi istifadəyə verilib

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ümumi istifadə üçün nəzərdə tutulmuş telefon şəbəkəsinin ehtiyat idarəetmə sistemini yaradıb. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Şərur və Sədərək rayonlarını əhatə edən yeni nəsil telekommunikasiya sistemi 15 904 abunəçi tutumlu 25 ədəd üçüncü nəsil telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarətdir.

İdarəetmə sistemi Naxçıvan şəhərindəki mərkəzi idarəetmə sistemi ilə eyni konfiqurasiyaya malikdir. Hər iki idarəetmə sistemi ayrılıqda, yaxud digərinin funksiyalarını da öz üzərinə götürməyə imkan verən "Əsas və Ehtiyat" iş prinsipinə uyğun proqramlaşdırılıb. Yəni, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının sabit telekommunikasiya şəbəkəsi ehtiyat idarəetmə sisteminə malik olacaq. Nəticədə muxtar respublikanın daxili, şəhərlərarası və beynəlxalq rabitə əlaqələlərinin tam dayanıqlı olması təmin ediləcək.

Ümumilikdə, muxtar respublika üzrə NGN avtomat telefon stansiyalarından istifadə edənlərin sayı 36 160-a çatdırılıb. Bu da ümumi telefon nömrə tutumunun 58,6 faizini təşkil edir.

Bu sistem Şərur və Sədərək rayon sakinlərinə telefon xidmətlərindən əlavə, genişzolaqlı internet, videotelefon, İP-TV, müxtəlif data xidmətləri və çoxlu sayda servis xidmətləri göstərməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti