...

Əli Abbasov: 2020-ci ilədək Azərbaycanda İKT sektorunun gəlirləri 8,5 milyard dollara çatacaq

Telekommunikasiya Materials 4 Aprel 2013 19:01 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üzrə əldə edilən gəlirlər 8-8,5 milyard dollara çatacaq.
Əli Abbasov: 2020-ci ilədək Azərbaycanda İKT sektorunun gəlirləri 8,5 milyard dollara çatacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər A.Axundov, H.Vəliyev/

2020-ci ilədək Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üzrə əldə edilən gəlirlər 8-8,5 milyard dollara çatacaq. Trend-in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "The Business Year" jurnalının təqdimatında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hazırda İKT sektoru üzrə gəlirlər təqribən 2 milyard dollar təşkil edir.

Abbasov hesab edir ki, gəlirlərin 4 qat artımı ixracatda İKT sektorunun rolunun artırılması və daxili bazarın gücləndirilməsi sayəsində mümkün olacaq.

"Daxili bazarda tələbat məhdud olduğuna görə bu sektorun inkişafı üzrə uzunmüddətli planlar ixracatın inkişafı ilə əlaqədardır. Azərbaycan hazırda bu sahədə İran və Gürcüstana bəzi xidmətlər ixrac edir və bu ixracatın coğrafiyası gələcəkdə də genişlənəcək", - Abbasov qeyd edib.

Nazirin fikrincə, hazırda Azərbaycan şirkətlərinə diplomatik dəstək göstərilməsinə ehtiyac var. Məqsəd onların iri beynəlxalq İT layihələrdə iştirakını təmin etməkdir.

Abbasov hesab edir ki, Azərbaycanda İKT sektorunun inkişafı Azərbaycan Respublikası Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilən genişzolaqlı internetin inkişafı layihəsinə təkan verəcək.

Onun sözlərinə görə, layihənin dəyəri 430-440 milyon manat təşkil edəcək. Layihənin həyata keçirilməsi respublikada internetə çıxış səviyyəsini 85 faizədək artırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti