Azərbaycan, Bakı, 19 mart /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə fevral ayında 500-dən çox müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Ümumilikdə isə indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 24 mindən çox müraciət edilib.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.