Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) elektron tullantıların idarə edilməsi üzrə təkliflər hazırlayıb. Bunu Trend-ə İTİ-dən deyiblər.
İnstitut elektron tullantıların idarə edilməsi üzrə Dövlət Proqramını hazırlamağı, bu sahədə qanunvericilik bazasını formalaşdırmağı, onların utilizasiyası üzrə texnologiyalar və iqtisadi idarəetmə mexanizmlərini yaratmağı təklif edib.
İTİ-nin mütəxəssisləri sadalanan istiqamətlər üzrə təhlil aparıblar və elektron tullantıların idarə edilməsi sahəsində Avropa təcrübəsini ətraflı öyrəniblər. Müvafiq təkliflər baxılması üçün AMEA-nın rəhbərliyinə təqdim olunacaq.
Qeyd edək ki, elektron tullantıların insan sağlamlığı və ətraf mühit üçün zərərli materialları var.