...

Xalq artisti: Gimnastika yarışına tamaşa etmək insana xüsusi zövq verir (FOTO)

Nəzər nöqtəsi Materials 22 İyul 2016 14:49 (UTC +04:00)
"Mən qürur hissi keçirirəm ki, vətənimdə, dövlətimdə bədii gimnastika üzrə Dünya Kubokunun finalı kimi böyük bir tədbir keçirilir".
Xalq artisti: Gimnastika yarışına tamaşa etmək insana xüsusi zövq verir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

"Mən qürur hissi keçirirəm ki, vətənimdə, dövlətimdə bədii gimnastika üzrə Dünya Kubokunun finalı kimi böyük bir tədbir keçirilir".

Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən Bədii Gimnastika üzrə Dünya Kubokuna tamaşa etməyə gəlmiş Azərbaycanın xalq artisti Fəxrəddin Manafov deyib.

F.Manafov bildirib ki, bu cür yarışlar ilk növbədə ölkəmizin dünyada tanıdılması üçün vacib əhəmiyyət kəsb edir: "Bu yarışda dünyanın çoxlu ölkələrindən idmançılar iştirak edir. Bu o deməkdir ki, bu gün bu ölkələrin tamaşaçılarının diqqəti Azərbaycana yönəlib və onlar ölkəmizi daha yaxından tanıyırlar. Mən başda Mehriban xanım Əliyeva olmaqla Azərbaycan Gimnastika Federasiyasına, bu cür möhtəşəm yarışı təşkil etməkdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm".

F.Manafov qeyd edib ki, indiyə qədər bir çox idman yarışlarına tamaşa edib: "Ancaq gimnastika çox gözəl, cəlbedici bir idman növüdür, bu yarışa tamaşa edəndə xüsusi zövq aldım. İdmançılarımıza uğurlar arzu edirəm. İnanıram ki, idmançılarımız bu Kubokda yüksək yerlər qazanacaqlar".

Xalq artisti ümumilikdə Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan da danışıb. O bildirib ki, idman nə qədər çox inkişaf edərsə, ölkəmiz dünyada bir o qədər çox tanınar: "Bədii Gimnastika üzrə Dünya Kuboku kimi böyük yarışlar ölkəmizdə nə qədər çox keçirilsə, Azərbaycanın adı dünyada bir o qədər çox çəkiləcək. Bir daha bu cür yarışı ölkəmizdə təşkil edənlərin hər birinə dərin təşəkkürümü bildirirəm".

"Kinoya çəkilmək, yoxsa gimnastika ilə məşğul olmaq çətindir?" sualına cavab verən F.Manafov deyib: "Ən asanı hər ikisinə tamaşa etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti