...

Tbilisidə ATƏT PA-nın iclasında: Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur

Nəzər nöqtəsi Materials 7 İyun 2019 17:11 (UTC +04:00)
Tbilisidə ATƏT-in Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı çərçivəsində "Parlamentdə gender bərabərliyi" mövzusunda dəyirmi masa keçirilib.
Tbilisidə ATƏT PA-nın iclasında: Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Tbilisidə ATƏT-in Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı çərçivəsində "Parlamentdə gender bərabərliyi" mövzusunda dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva tədbirdə çıxış edib.

S.Fətəliyeva qeyd edib ki, bu gün dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda hərəkat genişlənib:

"Azərbaycan xalqının tarixinə nəzər yetirsək görmək olar ki, qadınlar hər zaman aparıcı qüvvə olmaqla , cəmiyyətin inkişafına öz tövhələrini veriblər. Biz keçən il Azərbaycanda qadınların seçmək və seçilmək hüququ qazanmalarının 100-cü ildönümünü qeyd etdik. Ölkəmizdə qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var. O, qorunur və gündən-günə inkişaf etdirilir. Azərbaycan insan hüquq və azadlıqlarının təşviqi üzrə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib. Ənənəvi olaraq qadınlar daha çox təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunurlar. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanları işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır. Ölkənin Birinci vitse-prezidenti, Milli Məclis sədrinin bir müavini, üç nazir müavini (İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Səhiyyə Nazirliyi), bir Dövlət Komitəsinin (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) sədri, Dövlət İmtahan Mərkəzinin sədri qadındır. Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunmuş və dövlət siyasətində əksini tapıbdır".

Millət vəkili bildirib ki, hazırda ölkədə bir çox qeyri-hökumət qadın təşkilatları fəaliyyət göstərir:

"Parlamentdə təmsil olunan xanımlarımız müxtəlif qanunların qəbul edilməsində, eləcədə ölkəmizin ictimai –siyasi həyatında, milli demokratik və hüquqi dövlət quruculuğu prosesində aktiv iştirak edirlər. Üzərlərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışır, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini verirlər. Bundan əlavə parlamentdə ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələrin daha da səmərəliyinin artırılması məqsədi ilə Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi yaradılmışdır ki, bu gün komitə tərəfindən qeyd olunan məsələlərin həlli istiqamətdə böyük işlər həyata keçirilir. Göründüyü kimi gender siyasətinin tələblərinə uyğun olaraq ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunmuş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti