Gürcüstanda prezidentliyə namizəd olmuş Fazil Əliyevin həmtəsisçi olduğu partiya öz sıralarına bu ölkədə yaşayan erməniləri qəbul etməyə hazırdır.
"Milli mənsubiyyətindən asılı olmayaraq partiyada bütün vətəndaşlar təmsil olunacaq" - deyə Əliyev bildirib. Əliyevin prezidentliyə namizədliyi Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) və Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurası (GABŞ) tərəfindən irəli sürülmüşdür. Ötən ilin dekabrında Fazil Əliyev prezident seçkilərində iştirak etməkdən imtina edib. Bu addımını o Gürcüstan dövlət strukturlarının təzyiqi ilə əlaqələndirib. Sonradan Əliyev yeni müxalifət partiyasının yaradılmasını elan edib. Əsas məqsəd mayda Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirakdır.
Gürcüstan Konstitusiyasına əsasən parlament seçkiləri 2008-ci ilin payızında baş tutmalı idi. Lakin növbədənkənar prezident seçkiləri ilə yanaşı keçirilən səsvermə nəticəsində parlament seçkilərinin yazda keçiriləcəyi qərara alınıb.
Gələn həftə Fazil Əliyevin həmtəsisçi olduğu partiyanın qurultayı keçiriləcək. Qurultayda partiyanın sədri seçiləcək və təşkilatın adı təsdiq olunacaq. Sonra rəsmi qeydiyyat üçün Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət ediləcək. Gürcüstan qanunlarına əsasən siyasi partiyanın qeydiyyatı üçün təşkilata 1000 nəfərin üzv olması lazımdır.
Əliyev əmindir ki, partiyaya kifayət qədər tərəfdar üzv olacaq. "Partiyaya üzv olmaq üçün təkcə Gürcüstan azərbaycanlıları yox, həmçinin gürcülərin özləri də istəklərini bildirirlər" - deyə o vurğulayıb.