...

Pakistan xaricdən gələn terroristləri öz ərazisinə buraxmır – XİN nümayəndəsi

Dünya xəbərləri Materials 20 Oktyabr 2009 17:56 (UTC +04:00)
Pakistan terrorizmin əleyhinə çıxır, həmçinin onun bütün təzahür formaları ilə mübarizə aparmaq niyyətindədir. Bu barədə Pakistan XİN-in nümayəndəsi Əbdül Bəsit deyib.
Pakistan xaricdən gələn terroristləri öz ərazisinə buraxmır – XİN nümayəndəsi

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir T.Konyayeva/

Pakistan terrorizmin əleyhinə çıxır, həmçinin onun bütün təzahür formaları ilə mübarizə aparmaq niyyətindədir. Bu barədə Pakistan XİN-in nümayəndəsi Əbdül Bəsit deyib.

"Biz terrorizmin heç bir formasını qəbul etmirik və terroristləri dəstəkləmirik. Pakistan hökuməti xaricdən gələn terroristləri öz ərazisinə buraxmır",- Bəsit Trend -a elektron məktubla bildirib.

Oktyabrın 18-də İranın Bəluçistan əyalətində baş verən terror aktı nəticəsində 41 vətəndaş, o cümlədən İran inqilabı korpusunun iki generalı həlak olub. Partlayışa görə məsuliyyəti "Condullah" təşkilatı öz üzərinə götürüb.

Bəsit əlavə edib ki, Pakistanla İran terrorizmə qarşı birgə mübarizə aparırlar.

"Əvvəllər biz "Condullah" qruplaşmasının üzvlərini həbs edərək onları İrana təhvil vermişik. Bu, bizim ikitərəfli əməkdaşlığımıızın səviyyəsini göstərir", - o deyib.

Ötən il oğurlanmış iranlı diplomat barəsində Bəsit deyib ki, Pakistan hökuməti bundan təəssüflənir və o, diplomat və onun ailəsinin hansı sınaqdan keçdiyini anlayır.

"Biz onun qaytarılması üçün əlimizdən gələn hər şeyi edirik. Bu bizim üçün vacib məsələrdən biridir", - XİN nümayəndəsi deyib.

Ötən ilin noyabrında İranın ticarət attaşesi Həşmətullah Əttarzadə Pakistanın şimalındakı Pişəvər şəhərində naməlum qruplar tərəfindən oğurlanıb. Silahlı şəxslər onun avtomobilinə atəş açaraq onu saxlamağa vadar ediblər. Onlar diplomatı müşayət edən mühafizəçini öldürərək girovla birlikdə hadisə yerindən uzaqlaşıblar.

Bəsit həmçinin qeyd edib ki, Pakistan terrorizmin təzahür edən bütün formalarından əziyyət çəkib və hakimiyyət ölkə ərazisindəki bu təhlükənin tamamilə aradan qaldırılması üçün bütün səylərini birləşdirir.

"Terrorizm bizim ümumi düşmənimizdir", - Bəsit deyib.

Xəbər lenti

Xəbər lenti