Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrini Kürdüstan İşçi Partiyasının (PKK) silahlılarının maliyyələşdirilməsini dayandırmağa və Ankaraya terrorizmdə şübhəli bilinən bütün qruplaşma üzvlərini təhvil verməyə çağırıb. Bu barədə "World Bulletin" Türkiyə informasiya saytı məlumat verib.
Türkiyə hökuməti rəhbərinin bəyanatı türk hərbçilərinə qarşı törədilən terrror aktları fonunda səslənib. Son terror aktı İstanbulda türk hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində baş verib. Üç əsgər və bir 17 yaşlı qız həlak olub.
Çərşənbə günü İstanbul polisi terror aktının təşkilində şübhəli bilinən 27 nəfəri saxlayıb.
Ərdoğan Avropanın Ankaranın terrorizmlə apardığı mübarizəyə göstərdiyi köməkdən narazı qaldığını bildirərək qeyd edib ki, bəzi ölkələr PKK-nı maliyyələşdirir və Türkiyəyə cinayətkarları təhvil verməkdən imtina etməklə, terrorçuların əməllərinə göz yumur.
Ərdoğanın sözlərinə görə, Avropanın təhlükəsizliyi Türkiyənin cənub sərhədlərindən başlayır.
"Avropanın əksər ölkələri PKK-nı terrorist təşkilat elan ediblər. Bu bəyənilən haldır, lakin problemi həll etmir. Bizim aramızda cinayətkarların təhvil verilməsi barədə razılaşma var, lakin buna əməl olunmur. NATO çərçivəsində əməkdaşlığımıza baxmayaraq, Avropa ölkələri hələ ki terrorçuları bizə verməyiblər", - Ərdoğan bildirib.
Baş nazir Qərb ölkələrini xəbərdar edib ki, Türkiyə sərhədlərində sabitliyin pozulması Balkan ölkələrinin təhlükəsizliyinə təsir edə bilər.