...

Suriya Türkiyə və İsrail arasında münasibətlərin pisləşməsindən narazıdır

Dünya xəbərləri Materials 6 İyul 2010 13:56 (UTC +04:00)

Suriya Prezidenti Bəşər əl-Əsəd hesab edir ki, Türkiyə və İsrail arasında münasibətlərin pisləşməsi regiona mənfi təsir edəcək. Bu barədə CNN Turk kanalının saytı məlumat verib.

"Türkiyə və İsrail arasında münasibətlər yaxşılaşmayacağı təqdirdə, Türkiyə üçün regional problemlərin həllində iştirak çətinləşəcək", - əl-Əsəd Madriddə İspaniyanın Baş naziri Xose Luis ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Suriya Prezidentinin fikrincə, Türkiyə və İsrail arasında münasibətlərin pisləşməsi və onların pozulma təhlükəsi Yaxın Şərqdəki vəziyyətə mənfi təsir göstərəcək.

Türkiyə ilə İsrailin hərbi və diplomatik birliyinə mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib.

Altı gəmi Aralıq dənizində neytral sularda israilli komandoslar tərəfindən saxlanılıb. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini və insidentin beynəlxalq araşdırılmasını qəbul etməsini tələb edir.

Bazar ertəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrailin "Azadlıq donanması" humanitar karvanına hücuma görə üzr istəməyəcəyi halda, İsraillə diplomatik münasibətləri tam kəsəcəyi ilə hədələyib.

Davudoğlu, həmçinin, Türkiyə hökumətinin öz hava məkanının İsrail hərbi aviasiyası üçün bağlı olduğunu bildirib, İsrail və Türkiyə hərbi hava qüvvələrinin avqusta planlaşdırılan birgə təlimlərini dayandırıb.

Əl-Əsəd İsraillə danışıqlarda Colan təpələrini və Fələstin ərazilərini qaytarmayacağı təqdirdə, hər hansı irəliləyişdən danışmağın yersiz olduğunu bildirib.

2008-ci ildə Türkiyə Suriya və İsrail arasındakı birbaşa danışıqlarda yeganə vasitəçi olub. Həmin danışıqlar İsrail ordusunun Qəzza bölgəsində apardığı əməliyyatlar nəticəsində dayandırılıb.

Xəbər lenti

Xəbər lenti