...

Avropa İttifaqı Livan-İsrail sərhədindəki gərginlikdən narahatdır

Dünya xəbərləri Materials 4 Avqust 2010 17:08 (UTC +04:00)
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton İsraili və Livanı "maksimum təmkin göstərməyə" çağıraraq, bu günlərdə Livan-İsrail sərhədində baş vermiş atışma ilə bağlı narahatlığını bildirib.
Avropa İttifaqı Livan-İsrail sərhədindəki gərginlikdən narahatdır

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Ü.Sadıxova/

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton İsraili və Livanı "maksimum təmkin göstərməyə" çağıraraq, bu günlərdə Livan-İsrail sərhədində baş vermiş atışma ilə bağlı narahatlığını bildirib.

"Hər iki tərəf sərhəddə gərginliyin artmasının və zorakılığın meydana çıxmasının qarşısını almaq üçün təcili addımlar atmalıdır", - Avropa komissarının rəsmi məlumatında deyilir.

Dünən üç Livan hərbçisi və bir jurnalist iki ölkə sərhədində Livan və İsrail əsgərləri arasında baş vermiş atışmada həlak olublar. İsrail tərəfdən ordu zabiti ölüb.

Bu, 2006-cı ilin iyulunda İsraillə Livanın "Hizbullah" partiyası arasındakı ikinci Livan müharibəsinin başa çatmasından sonra İsrail və Livan hərbçiləri arasında baş verən ən iri toqquşma olub.

Livan və İsrail baş verənlərə görə məsuliyyəti bir-birinin üzərinə atırlar. BMT Təhlükəsizlik Şurası UNIFIL sülhməramlı qüvvələrinin yerləşdirildiyi sərhədlərdə zorakılığın artması ilə əlaqədar təşkilatın təcili iclasını çağırıb.

Avropa İttifaqı İsrail və Livanı BMT TŞ-nin 1701 saylı qətnaməsinə əməl etməyi davam etdirməyə və sərhəddə yerləşdirilmiş UNIFIL sülhməramlılarının fəaliyyətini dəstəkləməyə çağırıb.

Livan tərəfinin səsləndirdiyi versiyaya görə, İsrail hərbçiləri mühəndis işləri apardıqları zaman Livanın hüdudlarına daxil olublar və Livan qoşununu bir neçə xəbərdarlıq atəşi açmağa vadar ediblər.

Lakin İsrail hərbçiləri iddia edirlər ki, çərşənbə axşamı onlar öz sərhədləri tərəfdə olarkən Livanın ordusunun atəşinə məruz qalıblar və qonşu dövlətin ərazisinə daxil olmayıblar.

Xəbər lenti

Xəbər lenti