Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrin birində baş vermiş qanlı insidentlə bağlı bir nəfər həbs edilib. Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə İdarəsindən verilən məlumata görə, həbs edilən əsgər həmin hərbi hissənin hərbi qulluqçusudur. İstintaqla əlaqədar başqa məlumat hələ ki verilmir. Bu barədə "Armenia Today" yazır.
Noyabrın 19-da Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrdən birində ölüm hadisəsi ilə nəticələnən atışma baş verib.
İlkin istintaqın məlumatına görə, odlu silahdan atılan atəş nəticəsində müddətli əsgərlər Levon Sosoviç Esayan (1991-ci il təvəllüdlü), Nerses Valerikoviç Qaloyan (1990), Narek Vardanoviç Saakyan (1990), Nver Martikoviç Sarqsyan (1990) həlak olublar.
Müddətli əsgərlər Sargiz Akopoviç Melkumyan (1991-ci il təvəllüdlü), Xaçik Sargisoviç Aleksanyan (1992), Masis Mavrikoviç Qriqoryan (1991) və Manvel Armenoviç Azroyan (1991) müxtəlif dərəcəli güllə yarası alıblar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.