Trend-in İran xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu
İranın nüvə proqramı ətrafında yaranan problemin həllinə dair son illərdə vasitəçilik missiyasını üzərinə götürən Türkiyə bu dəfə İranın qəzəbinə tuş gəlib. Aprelin 1-də Türkiyədə keçirilən "Suriyanın dostları qrupu"nun konfransı İran rəsmiləri tərəfindən pislənib.
İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kosəri Trend-ə müsahibəsində bu qrupun adının əslində "Suriyanın düşmənləri" olduğunu vurğulayıb.
İran Parlamentinin spikeri Əli Laricani isə Türkiyədə keçirilən konfransı iştirakçı ölkələrin "İsrailə rüşvəti" kimi dəyərləndirib.
Həmin konfransdan bir gün sonra Türkiyə İrandan neft alışını 10 faiz azaldaraq Liviyadan bir milyon ton neft idxal edəcəyini elan edib.
İranın Məsləhət Şurasının baş katibi Möhsin Rzayi isə Türkiyənin bu addımından sonra bu ölkənin İrana dost ölkə olduğuna şübhə ilə yanaşdığını bildirərək İran və "altılıq" ölkələrinin nüvə proqramı ətrafında növbəti müzakirələrinin İstanbulda deyil, Suriya, İraq, yaxud Livanda keçirilməli olduğunu qeyd edib.
14 ay əvvəl İran və "altılıq" ölkələrinin sonuncu görüşü İstanbulda keçirilmşidi. Keçən ayın sonunda Ərdoğanın Tehrana səfərindən sonra İran və "altılıq" ölkələrinin növbəti görüşünün aprelin 13-də keçiriləcəyi bildirildi. Bir neçə gün sonra deyilənlər təsdiqini tapmadı və hələlik növbəti müzakirələrin yeri və tarixinin məlum olmadığı bildirilir.
Livanda 2010-cu ildə Türkiyənin dəstəklədiyi Baş nazir Səid əl-Həririnin Nazirlər Kabineti 11 nazirin istefasından sonra dağılaraq, öz yerini İranın dəstəklədiyi Nəcib Miqatinin hakimiyyətinə verib.
İraqda isə həmən il parlament seçkilərində Türkiyə hakimiyyətinin dəstəklədiyi Əyad Əllavinin rəhbərlik etdiyi əl-Əraqiyyə koalisiyasınin Nuri əl-Malikinin rəhbərlik etdiyi Qanun Hakimiyyəti koalisiyasından çox yer qazanmasına baxmayaraq, sonda Baş nazir vəzifəsi İranın dəstəklədiyi Nuri əl-Malikiyə çatdı.
Hazırda Suriya məsələsi ilə bağlı da İran və Türkiyə tam təzadlı mövqeyə malikdirlər, Türkiyə Bəşşar Əsədin hakimiyyətdən getməsini, İran isə onun hakimiyyətdə qalmasına cəhd göstərir.
Türkiyənin beynəlxalq sanksiyalara məruz qalmış İranın dünya ilə əlaqələrinin qorunmasında böyük rolu var. Məsələn, Hindistan İrandan aldığı neftin pulunu Türkiyənin "Halk Bank"ı vasitəsilə ödəyir, yaxud İranla Türkiyə arasında maliyyə dövriyyəsi hazırda illik 15 milyard dollara çatıb. Buna baxmayaraq, İran-Türkiyə münasibətlərindəki son vəziyyət onu göstərir ki, İran təhlükəsizliklə bağlı məsələləri iqtisadi əlaqələrdən daha üstün və daha önəmli görür.
Təhlükəsizlik sahəsi bəzən regional rəqabətlərdə özünü göstərir. Məsələn, İraq və Livanda Türkiyə deyil, İran qələbə qazandı. Növbəti rəqabət meydanı isə Suriyadır.