Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
"İslam Dövləti" (İD) terror təşkilatının sıralarına qoşulmuş yüzdən artıq Türkiyə vətəndaşı döyüşlər zamanı öldürülüb. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Bu barədə Trend çərşənbə axşamı "Kanal7" telekanalına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İD sıralarına qoşulan Türkiyə vətəndaşlarının sayı 600-ə çatır.
Çavuşoğlu onu da bildirib ki, bu terror təşkilatı ilə mübarizə çərçivəsində 100 nəfər Türkiyədən deportasiya olunub, yeddi min nəfərin ölkəyə girişi qadağan edilib.
XİN rəhbərinin sözlərinə görə, İD ilə mübarizə aparmaq istəyən ölkələr kəşfiyyat materiallarının mübadiləsi sahəsində Türkiyə ilə əməkdaşlıq etməlidirlər.
Bir müddət əvvəl ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirmişdi ki, Türkiyədə "İslam Dövləti" terror təşkilatı ilə əlaqəyə görə 2 760 nəfər həbs olunub. Onun sözlərinə görə, həbs olunanların ümumi sayından 16 nəfər Türkiyə, 700 nəfər isə Suriya vətəndaşıdır.
Nazir həbs olunan digər 2044 nəfərin hansı ölkələrin vətəndaşı olduğu barədə məlumat verməyib.