Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Təmkin Cəfərov/
"Əgər ABŞ müzakirələrdə nəticə əldə etmək istəyirsə, tez bir zamanda İrana qarşı təhlükəli təzyiq oyunundan əl çəkməlidir". Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Tehranda jurnalistlərin suallarını cavablandırarkən deyib.
M.C.Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyini və bu iclaslar çərçivəsində "5+1" qrupu ölkələrinin XİN rəhbərləri ilə yenidən görüşəcəyini bildirib.
O, ABŞ-ın dövlət katibi Con Kerri ilə də görüşəcəyini istisna etməyib.
İran XİN rəhbəri deyib ki, qarşı tərəf siyasi iradə və xoşməramlılıq nümayiş etdirərsə, nüvə proqramı üzrə danışıqlarda razılıq əldə etmək üçün bir həftə də bəs edər.
M.C.Zərif, həmçinin ötən axşam İsrailin Suriya sərhədində "Hizbullah" qüvvələrinə qarşı hücumunu pisləyib.
Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb. Hazırda hərtərəfli razılıq üçün İran və "altılıq" ölkələri arasında danışıqlar davam etdirilir. Sonuncu dəfə İran və "5+1" ölkələri arasında müzakirələr yanvarın 18-də baş tutub.
Qeyd edək ki, "altılığ"a ("5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir.