Bakı. Trend:
ABŞ hesab edir ki, Tehranın mümkün nüvə silahı hazırlaması üçün vaxt çərçivəsinin qısalmasına baxmayaraq, diplomatiya İranın nüvə proqramı ilə bağlı məsələnin həlli üçün ən effektiv üsul olaraq qalır.
Trend xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ DÖvlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
"Prezident İranın heç vaxt nüvə silahı əldə etməyəcəyi prinsipinə sadiqdir. Biz inanırıq ki, diplomatiya bu vəzifəni yerinə yetirmək üçün ən effektiv yol olaraq qalır. Biz inanırıq ki, bu çərçivədə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində qarşılıqlı hərəkət ən sərfəli və həyatqabiliyyətli variant olaraq qalır. Nə qədər ki, bu bizim maraqlarımıza uyğundur, biz bu yolda addımlamağa davam edəcəyik", - deyə N.Prays bildirib.
Xatırladaq ki, daha əvvəl İranın Xarici Münasibətlər üzrə Strateji Şurasının sədri Kamal Xərrazi Tehranın nüvə bombası hazırlamaq üçün texniki imkanlarının olduğunu bildirmişdi.