Bakı. Trend:
Avstraliya, Böyük Britaniya və ABŞ-ın Təhlükəsizlik Alyansı (AUKUS) bazar ertəsi Kanberranı nüvə silahı olmayan nüvə sualtı qayıqlar və onların istehsalı üzrə texnologiya ilə təmin etmək üçün 3 mərhələli planı açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndəsi bu razılaşmalarla bağlı jurnalistlər üçün xüsusi brifinqdə deyib.
"Biz Avstraliyanı nüvə silahı ilə təmin edilməmiş nüvə sualtı qayıqları ilə təmin etməyin ən yaxşı yolunu müəyyən etdik. Bu, 3 mərhələli bir yanaşmadır ki, Avstraliyanı bu potensial ilə düşündüyümüzdən daha sürətli təmin edəcək", - deyə nümayəndə bildirib.
O vurğulayıb ki, yeni plana əsasən hər 3 ölkə öz sualtı qayıqlarının istehsal səviyyəsini və keyfiyyətini artıracaq.
"Bu, praktiki olaraq presedenti olmayan qabaqcıl texnoloji əməkdaşlıqdır",- deyə o əlavə edib.