...

TCG Anadolu Türkiyənin regionda mövqeyini daha da möhkəmləndirəcək - Ərdoğan

Dünya xəbərləri Materials 10 Aprel 2023 17:31 (UTC +04:00)
TCG Anadolu Türkiyənin regionda mövqeyini daha da möhkəmləndirəcək - Ərdoğan

Bakı. Trend:

TCG Anadolu Türkiyənin regionda mövqeyini daha da möhkəmləndirəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə,bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TCG Anadolu hərbi gəmisinin açılış mərasimindəki çıxışı zamanı deyib.

"Gəmimiz lazım olanda dünyanın hər yerində hərbi və humanitar əməliyyatlar həyata keçirməyimizi təmin edəcək xüsusiyyətlərə malikdir. TCG Anadolu sayəsində biz texnologiyaları, sistemləri və həlləri qabaqlayan bir ölkə olacağıq. Biz bu gəmidən təbii fəlakətlərə yardım missiyaları və humanitar əməliyyatlar çərçivəsində istifadə edə bilərik. Dəniz Qüvvələrimiz dünyada unikal bir layihədir”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti bildirib ki, TCG Anadolu, İstanbulun Tuzla şəhərində Sedef Gəmiqayırma Zavodunun əsas podratçısı altında inşa edilib. Yerli nisbəti təxminən 70 faiz olan layihədə 131 subpodratçı, o cümlədən universitetlər və tədqiqat mərkəzləri də iştirak edib. Dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. TCG Anadolu Türkiyə donanmasının gücünü daha da artıracaq.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, TCG Anadolu, Egey, Aralıq dənizi və Qara dənizdə ən azı bir tabor böyüklüyündə bir qüvvəni daxili baza dəstəyinə ehtiyac olmadan öz logistik dəstəyi ilə böhran bölgəsinə köçürmə qabiliyyətinə malikdir.

Gəmi silah sistemləri, döyüş idarəetmə sistemi, elektron döyüş sistemləri, infraqırmızı axtarış və izləmə sistemi, elektro-optik axtarış sistemi, lazer xəbərdarlıq sistemi, torpedadan müdafiə sistemi, radarlar, rabitə sistemləri, naviqasiya sistemləri, məlumat paylama sistemləri, yerli və milli resurslarla təchiz olunub.

Gəmi həm də zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları üçün istifadə edilə bilər. Xəstəxana və əməliyyat otağı imkanları sayəsində təbii fəlakətlərin aradan qaldırılması, humanitar yardım və qaçqınların təxliyyə əməliyyatlarında tibbi dəstək göstərə biləcək potensiala malikdir.

Məlumat üçün bildirək ki, TCG Anadolu-nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Yükdaşıma qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum sürətlə və 16 knot iqtisadi sürətdə işləyə bilər.

Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin göyərtələrində daşıya bilir.

Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 SİHA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək.Gəmidə tamhüquqlu xəstəxana və 2 əməliyyat otağı da var.

Əlavə olaraq qeyd edək ki, hərbi gəminin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib.

Gəminin tikintisinə 2015-ci ildə başlanılıb. Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.

Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti