Bakı. Trend:
Türkmənlərin hüquqlarının müdafiəsi İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.
“Kərkükün sülh və sabitliyi bütün İraqın sülh və sabitliyinə birbaşa təsir edir. Biz Kərkükü dinc birgəyaşayış mədəniyyətinin simvolu kimi görürük”- deyə Fidan bildirib.
Fidan qeyd edib ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin rəhbərliyi ilə qurulan hökumət ölkəyə sabitlik gətirib.
“Sudani hökumətinin infrastrukturun yenidən qurulması və investisiyaların cəlb edilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyirik. Biz bunun İraqın bu günü və gələcəyi üçün nə qədər vacib olduğunu anlayırıq. Belə bir dönəmdə İraqın əsas və təməl ünsürlərindən biri olan türkmən soydaşlarımızın vətəni olan Kərkükdə insan tələfatına səbəb olan gərginliyin yaranmasına böyük narahatlıqla izləyirik” – deyə Hakan Fidan bildirib.
Fidan vurğulayıb ki, Türkiyə İraq hakimiyyətindən KDP-nin şəhərdə son vaxtlar artan varlığına son qoymasını tələb edir.
Xatırladaq ki, Kərkükdə ordunun nəzarətində olan binanın Kürdüstan Demokratik Partiyasına (KPD) təhvil verilməsinə qarşı çıxanların bağladığı Ərbil-Kərkük avtomobil yolunun açılması tələbi ilə şəhər mərkəzində KDP tərəfdarları aksiya keçirib.
KDP-yə bağlı bu qruplar şəhərin mərkəzində təhlükəsizlik qüvvələrinə hücum edib. Kərkükdə baş verən bu hadisələrdən sonra komendant saatı elan edilib.
Bir müddət sonra isə Kərkük qubernatoru Rakan Səid əl-Cuburi tərəfindən, qərarın təxirə salındığı bildirilib.
Qeyd edək ki, qarşıdurmalar zamanı 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Məlumat üçün bildirək ki, İraq Federal Məhkəməsi Kərkükdəki ordu qərargahının boşaldılması və Kürdüstan Demokratik Partiyasına (KDP) təhvil verilməsi qərarını dayandırıb.