Bakı. Trend:
Boliviyanın hüquq-mühafizə orqanları 8,7 ton olmaqla ölkə tarixində ən böyük kokain partiyasını müsadirə ediblər.
Trend xəbər verir ki, bu barədə Boliviya prezidenti Luis Arse "X" sosial şəbəkə hesabında məlumat verib.
"Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndərilməsi nəzərdə tutulan 8,7 ton kokaini müsadirə etmişik", - o yazıb.
Arse bunun Boliviya tarixində ən irihəcmli narkotik müsadirəsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, müsadirə olunan partiyanın dəyəri 526 milyon dollar olaraq qiymətləndirilir.
Kokain ixrac olunmalı taxta lövhələrə hopdurulub. Əməliyyat çərçivəsində dörd nəfər, o cümlədən yükün məxsus olduğu şirkətin sahibi saxlanılıb.