Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç müxalifəti parlamentin 250 deputatından 70-nin imzasını toplamağa çağırıb və bunun ardından dövlət başçısına etimad haqqında referendum keçirməyə hazır olacağını bildirib.
Trend xəbər verir ki, bu barədə Serbiya lideri xalqa müraciətində deyib.
"Sadəcə imza toplayın, siz ki, çoxsunuz. Əgər 75 imza toplaya bilmirsinizsə, ən azı 70 imza verin və mən sizə üçdə iki hissəyə çatmaq üçün lazım olan hər şeyi təmin edəcəyəm. İlin sonuna qədər prezidentin impiçmenti ilə bağlı referenduma gedəcəyik", - deyə o bildirib.
Vuçiç müxalifətdə olan insanlara kömək etməyə hazır olduğunu vurğulayıb. O, Baş nazir və hakim Serbiya Tərəqqi Partiyasının sədri Miloş Vuçeviçə müraciət edərək, deputatların bu tələbi qəbul etmələrini və referendum prosesindən keçərək Prezidentin impiçmenti prosedurunun başlamasını təmin edə biləcəyini qeyd edib.
Serbiya Prezidenti bildirib ki, bu prosedur həyata keçirilsə, bütün səs verənlərin yarısının həmin ideyanı dəstəkləməsi şərti ilə vəzifəsini tərk edəcək.