Bakı. Trend:
Gürcüstan rəhbərliyi seçki prosesinin sabit şakildə davam etməsi üçün hər şey edəcək.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri, “Gürcü Arzusu” partiyasının seçki qərargahının rəhbəri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, radikal müxalifət real partiya reytinqlərini yaxşı bilir.
“Hamınız görürsünüz ki, seçki kampaniyası sabit keçir, bu da radikallaşmaya yönünmlü kollektiv “Milli Hərəkat”ın uğur şanslarını daha da azaldır. Seçki mühiti azad və rəqabətlidir, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dünən dərc olunan hesabatı da təsdiqləyib. Bu fonda radikal müxalifətin düşüncələrinin tamamilə təxribatlara yönəlməsi təəccüblü deyil”, - o bildirib.
İrakli Kobaxidze vurğulayıb ki, dövlət vəziyyətin tam fərqindədir və heç kimə ölkədə iğtişaş törətməyə imkan verməyəcək.
“Rəhbərlik seçki prosesinin sabit davam etməsi və seçicilərin oktyabrın 26-da öz seçimlərini sakit şəraitdə etmələri üçün hər şeyi edəcək. Biz radikal müxalifəti təxribat planlaşdırmaqdan çəkinməyə çağırırıq. Hər hansı bir təxribat dövlət tərəfindən ən sərt cavabla qarşılanacaq”, - baş nazir yekunlaşdırıb.