Hakimiyyət qurumlarının Kodor dərəsində yerləşdirilməsi Gürcüstanın daxili işdir. Bu barədə Gürcüstan XİN-in Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Kodor dərəsindəki hadisələrlə bağlı şərhinə cavab olaraq yaydığı məlumatda deyilir.
"Kodor dərəsində hansı qanuni rəhbərliyin yerləşdiriləcəyi Gürcüstanın daxili işidir. Gürcüstan hökuməti Rusiya XİN və separatçı Abxaziya hakimiyyətinin mövqelərindən asılı olmayaraq, Abxaziyanın bu hissəsində sosial-iqtisadi reabilitasiyanı təmin etmək üçün məqsədəuyğun qərarlar qəbul edir" - deyə məlumatda qeyd olunur.
"Kodor dərəsində legetim rəhbərliyin yerləşdirilməsinə gəldikdə, məhz Rusiya son illər ərzində öz qanunvericiliyini və beynəlxalq norma və prinsipləri pozaraq Rusiya vətəndaşlarını zorla Abxaziyada yerləşdirirdi ki, onların maraqlarının qorunması adı ilə Gürcüstanın daxili işlərinə kobud şəkildə müdaxilə etsin" - deyə məlumatda vurğulanır.
Trend "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, nazirliyin fikrincə, Gürcüstanın ünvanına regionda siyasi gərginliyin artırılması kimi səslənən ittihamlar anlaşılmazdır, çünki əməliyyatlar artıq başa çatmaq üzrədir və hazırda dərədə qayda-qanun bərqərar edilir.
Abxaziya prezidenti Sergey Baqapşanın qətiyyətli mövqeyinin dəstəklənməsi barədə Rusiyanın bəyanatları isə Gürcüstan tərəfindən separtçı planların dəstəklənməsi kimi qiymətləndirilir.
"Belə yanaşma 1994-cü il 14 may tarixli "Atəşin və qüvvələrin parçalanmasının dayandırılması haqqında" Moskva sazişinə ziddir" - deyə məlumatda bildirilir.
"Bu faktlar elə bir təəsürat yaradır ki, Rusiya rəhbərliyi "ictimai rəy"ə əsaslanaraq Gürcüstanın daxili işlərinə müdaxilə üçün əsas hazırlayır. Hamı Rusiyada hökumət tərəfindən idarə olunan KİV vasitəsilə Gürcüstanın mənfi nüfuzunun necə yaradıldığını bilir" - deyə Gürcüstan XİN-in məlumatında vurğulanır.
"Belə bir şəraitdə Rusiyanın bəzi yüksək vəzifəli hərbiçilərinin siyasi bəyanatları və Gürcüstana qarşı gücdən istifadə ediləcəyi barədə təhdidləri narahat edici haldır. Bildirmək istəyirik ki, Gürcüstana qarşı aqressiv hərəkətlərin 90-cı illərin ssenarisi üzrə həyata keçirilə bilməz" - deyə məlumatda qeyd olunur.
Eyni zamanda burada bildirilir: "Əgər Rusiya Karasinin bəyanatlarına əsasən öz rolunu münaqişənin nizamlanmasına maksimal dərəcədə köməklik göstərməkdə görürsə, onun həqiqətən belə bir şansı var".