Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi
- İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İslamabadda keçirilmiş Zirvə toplantısı və qəbul edilmiş yekun bəyanat hansı cəhətləri ilə Azərbaycan üçün faydalıdır?
- Dövlətimizin başçısının iştirak etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında qəbul olunmuş bəyanat siyasi, iqtisadi, ticarət, nəqliyyat, informasiya və kommunikasiya, enerji və digər sahələrdə üzv ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi baxımdan yeni vəzifə və tapşırıqlar müəyyən edir. Siyasi sahədə üzv ölkələr dövlət başçıları səviyyəsində BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə, xüsusilə dövlətlərin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə öhdəliklərini bir daha vurğulayırlar. Həmçinin, yekun bəyanatda ECO regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə icrasına, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunur. Sənəddə xarici işğal amili də öz təsbitini tapıb.
Bəyanatda ECO üzv dövlətləri tərəfindən Azərbaycanın müsəlman ölkələri arasında İslam həmrəyliyinin təşviqi və gücləndirilməsi istiqamətində səylərinə dəstək ifadə olunaraq, bu xüsusda 2017-ci ilin Azərbaycan Prezidenti tərəfindən "İslam Həmrəyliyi ili" elan olunması təqdir olunur. Üzv dövlətlərə çağırış edilərək ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəyliyi Oyunları və IV Mədəniyyətlərarası Dialoq Forumunda yaxından iştiraka çağırış edilir.
Bəyanatda digər layihələrlə bərabər, Azərbaycanın yaxından iştirak etdiyi və dəstəklədiyi Cənub Asiya, Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya və Avropanı birləşdirən Şimal-Cənub, Transxəzər, Şərq-Qərb və Cənub-Qərb Beynəlxalq Nəqliyyat və Ticarət dəhlizləri, Transavrasiya İnformasiya dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, "Cənub Qaz Dəhlizi", TAP və TANAP layihələri və onların regional əməkdaşlıq və inkişafda oynadığı mühüm rol qeyd olunur.
- Verilən məlumata görə, Qırğızıstan ECO sammiti çərçivəsində nazirlər toplantısında bu bəyanatın siyasi müddəalarına qoşulmadığını bildirib.
- Qeyd etdiyimiz kimi, ECO-nun Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilir ki, ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir. Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunur. Ümumiyyətlə, iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Ona görə də Qırğızıstanın mövqeyi tamamilə başa düşülən deyil. Bu mövqe ilə Qırğızıstanın kimin dəyirmanına su tökməsi də ciddi sual doğurur.