...

Əli Həsənov: Azərbaycan gəncliyi beynəlxalq aləmdə rəqabətə davamlı olmalıdır

Siyasət Materials 26 Dekabr 2012 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan gəncliyi beynəlxalq aləmdə rəqabətə davamlı olmalı, dünyanın müasir inkişaf tendensiyasını mənimsəməli, onun qarşısında qoyulan vəzifələri, xarici dilləri bilməlidir. Trend-in məlumatına görə, bunu Gənclər Fondunun yaradılmasının 1 illiyi münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Əgər müasir gənclik savadlı, təhsilli olmasa, xarici dilləri bilməsə, beynəlxalq aləmdə bəzilərinin apardığı antiazərbaycan fəaliyyətinin qarşısını almaqda çətinlik çəkəcək. Müasir Azərbaycan dövlətinin inkişaf strategiyası ona yönəlib ki, Azərbaycan gəncliyi inkişaf edə bilsin", - Həsənov bildirib.

Onun sözlərinə görə, müstəqil Azərbaycanda gənclər siyasətinin təməlini ümummilli lider Heydər Əliyev qoyub.

"Gənclər siyasəti sağlam təmələ malik olmalıdır", - deyən PA rəsmisi gəncləri dövlətin və millətin təəssübünü çəkməyə çağırıb.

Həsənov bildirib ki, Azərbaycan əhalisinin 66 faizini gənclər təşkil edir.

PA rəsmisi vurğulayıb ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində gəncliyin inkişafı üçün 100 milyon manat vəsait ayrılıb. Gəncər bundan sonra daha fəal olmalıdırlar.

"Dövlət bundan sonra da gəncliyin inkişafına dəstək verəcək. Dövlət sizinlə bir yerdədir. Siz də utanmadan, çəkinmədən mühüm işlər görün", - PA rəsmisi qeyd edib.

Həsənov sağlam gəncliyi radikal gənclərin qarşısında dayanmağa, onların apardığı antitəbliğata cavab verməyə çağırıb.

Onun sözlərinə görə, ölkədəki sağlam gənclik dövlətin, millətin təəssübünü çəkməlidir.

"Əgər sosial şəbəkələrdə, mitinqlərdə bir qrup qarşı tərəfdən olan azsaylı, ancaq fəal gənclər iştirak edirsə, onlara qarşı sağlam gənclik dayanmalıdır. Sağlam gənclik onların tərbiyəsi ilə məşğul olmalıdır", - Həsənov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti