Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Gənclər Fondu növbəti qrant müsabiqəsini elan edib. Müsabiqə 26 dekabr 2012-ci il - 15 fevral 2013-cü il tarixlərini əhatə edəcək.
Fonddan Trend-ə verilən ötən müsabiqədə olduğu kimi, gənclər və gənclər təşkilatları Fondun rəsmi saytında qeydiyyatdan keçərək layihə təklifi ilə müraciət edə bilərlər. İkinci qrant müsabiqəsi üçün yeni istiqamətlər müəyyən olunub. A Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər Region gənclərinin aktiv sosial inteqrasiyası, Sağlam Həyat Tərzi, Gənclik və İdman, Yeni media vasitələrilə gənclərin sosial ideya təşəbbüslərinə yardım edəcək mühitin yaradılması, Xüsusi qayğıya ehtiyacı olan gənclərin ictimai sosial həyata inteqrasiyası, Bələdiyyələr və gənclər əməkdaşlığı və Ekoloji maarifləndirmə, B Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər Xaricdə təhsil alan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi, Azərbaycan gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə birgə layihələri, Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT partnyor olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər və Xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər, C Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər Kreativ gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, İstedadlı gənclərin ixtiraçılıq və innovativ təklif və ideyalarının reallaşdırılması layihələri, Gənclər və Elmi Texniki Tərəqqi sahəsində layihələr, Animasiya və filmlərlə bağlı layihələr və İntellektual gənclərin təşəbbüslərinə dəstək layihələri, D Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər Gənc alimlərin, ictimai-fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi sahəsində layihələr və Xaricdə olan ictimai-fəal, istedadlı və yaradıcı əcnəbi gənclərin Azərbaycanda həyata keçirilən gənclər tədbirlərində iştirak səfərinin qismən maliyyələşdirilməsi və E Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələri, Xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələri və Yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi olacaq.