Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Aygün Bədəlova/
I Avropa Oyunlarının yayımlandığı televiziya məkanının səviyyəsi bütün gözləntiləri üstələdi.
Trend-in məlumatına əsasən, bu barədə Bakıda keçirilən mətbuat konfransı zamanı Olimpiya Yayım Xidmətinin (OBS) icraçı direktoru Manolo Romero deyib.
O bildirib ki, Oyunların dəqiq yayım strategiyası dərhal müəyyənləşdirildi və onların başçılıq etdiyi xidmət bu strategiyaya əməl etdi: "Birincisi, Oyunların yayım hüququ ilə bağlı məsələdə maraq oyatmalı idik. Çünki Avropa Oyunları çərçivəsində bir çox idman növü üzrə yarışlar Riodakı Olimpiadada iştirak etmək üçün təsnifat mərhələsi idi".
M.Romero qeyd edib ki, qarşıda duran ikinci məqsəd I Avropa Oyunlarının bütün mümkün platformalarda yayım müddətinin maksimuma çatdırılması idi. Bu, I Avropa Oyunlarının televiziya tamaşaçılarının auditoriyasını maksimum genişləndirmək üçün vacib məsələ idi: "50 iştirakçı ölkədən 45 ölkənin Oyunları işıqlandırmasına nail olduq. Onlardan 27-i Olimpiya Oyunlarının yayım hüququna malikdir".
İcraçı direktor qeyd edib ki, I Avropa Oyunlarının açılış mərasimini 45 ölkədən 40 ölkə, qalanları isə yarışların əsas məqamlarını yayımlayıb: "I Avropa Oyunlarının açılış mərasimi canlı yayımla 30 qeyri-Avropa ölkəsində yayımlanıb. Bu ölkələrdə yarışlar təqribən gündə 2 saat yayımlanır".
M.Romeronun sözlərinə görə, I Avropa Oyunları həmçinin rəqəmsal televiziya formatında yayımlanır. O həmçinin I Avropa Oyunlarının yayım səviyyəsi barəsində müsbət şərhlərdən də danışıb. İcraçı direktor bildirib ki, bir çox kanallar Oyunların mükəmməl səviyyədə yayımlandığını qeyd edib.