...

Eldar və Nigarın qələbəsi sübut etdi ki, Azərbaycanın mədəniyyəti çox yüksək zirvədədir - İlhamə Quliyeva

Mədəniyyət Materials 16 May 2011 17:38 (UTC +04:00)
Türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli, çağdaş estradanın Primadonnası və daha neçə-neçə titulların sahibi İlhamə Quliyeva Avropanın ən mötəbər musiqi yarışması hesab edilən "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil edib birincilik qazanan Eldar Qasımov və Nigar Camalın qələbəsini bütün türk dünyasının uğuru kimi qiymətləndirir. Sevincini Trend oxucuları ilə bölüşən xalq artisti bu qalibiyyəti əvvəlcədən özlüyündə proqnozlaşdırıbmış.
Eldar və Nigarın qələbəsi sübut etdi ki, Azərbaycanın mədəniyyəti çox yüksək zirvədədir - İlhamə Quliyeva

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Ş.Cavadsoy/

Türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli, çağdaş estradanın Primadonnası və daha neçə-neçə titulların sahibi İlhamə Quliyeva Avropanın ən mötəbər musiqi yarışması hesab edilən "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil edib birincilik qazanan Eldar Qasımov və Nigar Camalın qələbəsini bütün türk dünyasının uğuru kimi qiymətləndirir. Sevincini Trend oxucuları ilə bölüşən xalq artisti bu qalibiyyəti əvvəlcədən özlüyündə proqnozlaşdırıbmış.

"İştirakçılarımız Almaniyaya getməmişdən öncə hiss edirdim ki, birincilik Azərbaycanımızla olacaq. Hətta jurnalistlər yarımfinal və final günündə məndən favoritiniz hansı ölkədir soruşanda cavabım bir Azərbaycandır deyirdim. Onluq, beşlik, üçlüyə düşəcəyimiz haqqında fikirləşmirdim belə. Sadəcə Eldar və Nigarın birinci olacağı qənaətində idim. Avropa dövlətlərinin diqqətlə izlədikləri müsabiqədə sübut etdik ki, odlar yurdu həqiqətən istedadlar ölkəsidir. Eldar və Nigarın qələbəsi həm də onu sübut etdi ki, Azərbaycanın mədəniyyəti çox yüksək zirvədədir. İnanın hər iki gəncin ingilis dilində sərbəst şəkildə mahnı ifa etmək bacarığı, Düsseldorfda istər ictimaiyyət arasında, istərsə də nüfuzlu media təmsilçiləri ilə əcnəbi dildə rahat ünsiyyətə girmələri məni çox qürurlandırdı. Bunun öz də bir mədəniyyətdir. Başda Prezidentimiz İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm ki, bir neçə aydan bəri təşkilat komitəsinin daha yaxşı fəaliyyət göstərməsi üçün hər bir şərati yaratmışdılar. İştirakçılarımız qalib gəldikdən sonra ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Eldar və Nigara telefon açıb hər ikisini təbrik etməsi xəbərini eşitmək də bir daha sübut edir ki, sənətə və sənətkara qiymət verməyi bacaran ölkə rəhbərimiz var. Firəvan dövlətdə yaşayan xalqın vətəndaşları kimi qələbələr qeyd etməyə tam haqqımız var. Cəmi bir neçə ildir ki, "Eurovision"-a qatılmağımıza baxmayaraq, birincilik əldə etməyimiz hamımızın, bütün türk dünyasının uğurudur. Gələn il inşallah Bakı bu mötəbər musiqi yarışmasına ev sahibliyi edəcək. Bir arzum da var ki, 2012-ci ilin mayında Azərbaycan növbəti dəfə duet olaraq çıxış etsin. Eldar və Nigar isə öz ifalarında sevgi himninə çevrilmiş "Running Scared"i oxuyub, müsabiqənin fəxri qonaqları kimi növbəti dəfə səhnəyə çıxsınlar", - İlhamə Quliyeva dedi.

Xalq artisti türk dünyasının sənət kraliçası olaraq, Nigarın finalda qalib kimi səhnəyə çıxdığında əlində məhz türk bayrağının olmasını da təqdirəlayiq addım kimi dəyərləndirdi.

"Azərbaycan və Türkiyə - biz millət, iki dövlətik" bu sözlər zamanında mərhum ümumilli liderimiz Heydər Əliyevin dilindən səslənib və bütün türk dünyasının devizinə çevrilib. Səhnədə Azərbaycan bayrağı da var idi. Türk bayrağının bir azərbaycanlı xanımın əlində dalğalanması Avropa tamaşaçılarına ismarıc idi ki, biz türk övladıyıq. Bunu qüsur kimi qiymətləndirmək lazım deyil. Türkiyə bayrağını əlimizə götürmək qəbahət deyil. Əminliklə deyirəm ki, bütün dünyada yaşayan türklər Türkiyənin finala keçə bilməməsinə üzülsələr də, Eldar və Nigarın qələbəsini ən azından bizim qədər sevinclə qeyd edirlər. Qələbəmizin "bismillahını" "Eurovision"la etdik. Ümidvaram ki, dövlət başçımızın yürütdüyü doğru siyasət, eləcədə xalqımızın mətinliyi ilə işğal altında olan torpaqlarımızı da düşmən tapdağından azad edəcəyik. Arzularımdan biri də odur ki, yaxın gələcəkdə yenidən "Eurovision"da zəfər qazanaq və müsabənin yarımfinalını, finalını azad edəcəyimiz Qarabağda, Şuşada keçirək. Allah o günü bizə qismət etsin. Bunun belə olacağına da inanıram"- Quliyeva əlavə etdi.

Xəbər lenti

Xəbər lenti