Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Ş.Cavadsoy/
Mayın 17-də illərdən bəri adını Azərbaycan estradasının peşəkar müğənniləri cərgəsinə yazdırmış İzzət Bağırov ad gününü qeyd edir. Bu gün İzzətin nə-az, nə-çox, düz 35 yaşı tamam olur. Trend-dən təbrik zəngi alan müğənni nədənsə gözlədiyimizin əksi olaraq, təmtəraqlı doğum günü keçirməyəcəyini diqqətə çatdırdı.
"Gecədən başlayaraq telefonlarım susmaq bilmir. Əzizlərim, dost-tanışlarım və ən əsası pərəstişkarlarım mənə məxsus olan günün mübarəkliyindən danışır, təbriklərini çatdırırlar. Hədiyyələr də almaqdayam. Maraqlısı orasındadır ki, təbrik zəngləri arasında tanımadığım insanlar çoxluq təşkil edirlər. Məni qürurlandıran məhz o insanların sevinclərini hiss edib bölüşməkdir. Pərəstişkarlarımın ad günümü harada qeyd edəcəyimlə bağlı verdikləri sualların qarşılığında, "yox" cavabını eşitmələri bir az yaxşı alınmır. Çünki özümü tanıyandan yadıma gəlmir ki, mayın 17-də təmtəraqlı məclis təşkil edib ad günümü keçirim. Bu səbəbdən də yubiley olmasına baxmayaraq, yenə də sadəliyə üstünlük verib qonaqlıq təşkil etməyəcəyəm", - İzzət Bağırov dedi.
Müğənni ilə söhbətimiz zamanı öyrəndik ki, o, yay ayında istirahət mərkəzlərinin birində yay konserti təşkil etməyi düşünür.
Sonda biz də İzzət Bağırovun ad gününü təbrik edir, ona xoşbəxt müğənni karyerasını ürəyi istəyən səviyyədə inkişaf etdirməyi arzulayırıq.