Azərbaycan, Bakı, 2 dekabr / Trend müxbir V.Imanov/
Ukraynalı 10 yaşlı Anastasiya Petrik "Nebo" (Səma) mahnısı ilə onuncu uşaq "Eurovision-2012" yarışmasının qalibi olub.
Trend-in məlumatına görə, Junior Eurovision Song Contest 2012 Amsterdamın Heineken Music Hall arenasında baş tutub. Şou "Break The Ice!" (Buzu sındır!) devizi altında bunun üçün xüsusi hazırlanmış səhnədə keçirilib.
Azərbaycan bu yarışmada ilk dəfə olaraq iştirak edib və 11-ci yerə layiq görülüb. Təmsilçilərimiz 10 yaşlı Ömər Sultanov və 11 yaşlı Suada Ələkbərova mətninin əsas hissəsi Azərbaycan dilində olan "Boys And Girls" kompozisiyası ilə çıxış ediblər. Mahnının musiqisi Jessica Appla, sözləri - şairə Zəhra Bədəlbəyli, xoreoqrafiyası məşhur rusiyalı rəqqas Maksim Nedoleçko olub.
Musiqili yarışmada 12 ölkənin nümayəndəsi iştirak edib - Belorus, İsveç, Azərbaycan, Belçika, Rusiya, İsrail, Albaniya, Ermənistan, Ukraina, Gürcüstan, Moldova, Niderland.
Avropa Yayım Birliyi bu ilin səsverməsində yenilik tətbiq edib. Sayca onuncu "Junior Eurovision Song Contest" yubiley şouda iştirakçılara səsi yalnız iştirak edən 12 ölkə deyil, həmçinin xüsusi uşaq münsifləri də qiymətlərini veriblər.