...

Tanınmış skripkaçı Toğrul Qəniyev: "Bakıya qayıdıb bilik və bacaraqlarımı öz ölkəmdə paylaşmaq istərdim" (MÜSAHİBƏ) (FOTO)

Mədəniyyət Materials 31 Yanvar 2014 19:45 (UTC +04:00)
Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli dirijor və bəstəkar, orkestrin bədii rəhbəri İşın Metinin başçılığı və Azərbaycanın əməkdar artisti, skripkaçı Toğrul Qəniyevin iştirakı ilə Türkiyənin tanınmış Bilkənt Simfonik Orkestrinin möhtəşən konserti keçirilib.
Tanınmış skripkaçı Toğrul Qəniyev: "Bakıya qayıdıb bilik və bacaraqlarımı öz ölkəmdə paylaşmaq istərdim" (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir V.İmanov/

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli dirijor və bəstəkar, orkestrin bədii rəhbəri İşın Metinin başçılığı və Azərbaycanın əməkdar artisti, skripkaçı Toğrul Qəniyevin iştirakı ilə Türkiyənin tanınmış Bilkənt Simfonik Orkestrinin möhtəşən konserti keçirilib.

T.Qəniyev beş yaşından musiqinin sirlərinə yiyələnib. Belə ki, onun atası tanınmış professor Sərvər Qəniyev oğluna skripka dərsləri verməyə başlayıb. O, artıq 6 yaşında səhnədə müntəzəm çıxış etməyə başlayıb, 10 yaşında respublikada, 14 yaşında isə Zaqafqaziya Beynəlxalq Musiqi Müsabiqəsində birinci olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alaraq 1993-cü ildə magistraturanı uğurla başa vurub. T.Qəniyev İtaliya, Almaniya, İspaniya, Misir, Tunis, Belçika, Bolqarıstan, Yuqoslaviya, MDB ölkələri və digər dövlətlərin məşhur zallarında solo konsertlərlə çıxış edib. O, 1993-cü ildən Türkiyənin Bilkənt Simfonik Orkestrinin aparıcı solisti və konsertmeysteridir. Eyni zamanda, Bilkənt Universitetinin Musiqi fakültəsinin müəllimi, Səhnə incəsənəti və simli alətlər kafedrasının pedaqoqudur.

Trend oxucularına uzun müddət Türkiyədə yaşayan və çalışan, lakin Vətənə qayıdıb milli klassik musiqi incəsənətinin inkişafına öz töhfəsini vermək arzusunda olan tanınmış musiqiçi T.Qəniyevlə müsahibəni təqdim edir

- Toğrul müəllim, Vətənə xoş gəlmisiniz! Sonuncu konsertlə bağlı təəssüratlarınız necədir?

- Bakıda möhtəşəm Heydər Əliyev Mərkəzində Bilkənt Simfonik Orkestri ilə birgə çıxış etmək üçün dəvətə görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Azərbaycan xalqı üçün dahi Heydər Əliyevin adını daşıyan belə gözəl mərkəzin yaradılmasına görə xüsusi təşəkkürümü bildirirəm. Burada dünya klassiklərinin əsərlərini ifa etmək mənim üçün böyük fəxrdir. Gözəl akustikası olan, musiqiçilərin çıxışı və tamaşaçılar üçün hər cür şərait yaradılmış belə möhtəşəm konsert salonunda çıxış etmək çox xoş idi. Hesab edirəm ki, bu, dünya səviyyəli unikal konsert salonudur.

Fürsətdən istifadə edərək türkiyəli həmkarlarıma Bakını göstərdim və onlar paytaxtın qədim və müasir arxitekturasının ahəngdarlığına, Dənizkənarı Milli Parka, teatrlarımıza və əlbəttə ki, daha əvvəl yalnız televizor və internet vasitəsilə gördükləri Heydər Əliyev Mərkəzinə sadəcə heyran oldular.

Birinci dəfə Heydər Əliyev Mərkəzini görəndə təsəvvür edə bilməzdim ki, Mərkəz 9 mərtəbədən ibarətdir. Burada Heydər Əliyev Muzeyinə baş çəkdik. Muzeydə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında foto və video materiallar təqdim olunub. Ölkənin tarixi və mədəni irsi ilə bağlı unikal eksponatların olduğu sərgi zallarına tamaşa etdik. Heydər Əliyev Mərkəzi bizdə unudulmaz təəssüratlar yaratdı! Bura dəfələrlə gəlsən də, özün üçün hər dəfə yeni bir şey öyrənəcəksən.

Konsertdən çox güclü təəssüratla ayrılmışam, çünki hər dəfə Azərbaycana gələrkən qeyri-adi hisslər keçirirəm. Etiraf edim ki, çıxışımızı belə hərarətlə qəbul edəcək xeyli sayda tanınmış mədəniyyət və incəsənət xadimləri, alimlər, ictimai xadimlərin olacağını gözləmirdim. Yaradıcılıq üçün gözəl şərait yaradıldığına görə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova da təşəkkürümü bildirirəm.

- Bilkənt Simfonik Orkestinin yaranma tarixindən danışardınız...

- 20 ildən çoxdur ki, Türkiyədə yaşayır və çalışıram. 1993-cü ildə türk dünyasının görkəmli oğlu və Azərbaycan xalqının böyük dostu İhsan Doğramacı bizim ailəmizlə tanış olaraq Bilkənt Universitetinin nəzdində dünyanın müxtəlif ölkələrində çıxış edə biləcək simfonik orkestr yaratmağı təklif etdi. O, atama bu kollektivin yaradılmasında iştirak etməyi təklif etdi. Həmin vaxtadək Sərvər Qəniyev artıq Türkiyədə görkəmli skripkaçı və pedaqoq kimi tanınırdı. O, eyni zamanda, Ankara Opera Teatrında işləyir və Ankara Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olurdu. Əlbəttə ki, çox çalışmaq, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən musiqiçilər dəvət etmək məcburiyyətində qaldıq və hazırda İtaliya, Almaniya, Belçika, İsveçrə, Portuqaliya, Yaponiya və digər dövlətlərə qastrol səfərləri etmiş, Türkiyənin əsas musiqi festivallarında iştirak etmiş orkestrin necə olduğunu görürük.

- Azərbaycana birinci dəfə deyil ki gəlirsiniz və ötən il Qəbələdə musiqi festivalında iştirak etmisiniz...

- Təsəvvür edə bilməzdim ki, Qəbələdə belə beynəlxalq musiqi festivalı keçirmək olar. Qəbələdəki festival ənənə halını alıb və bütün dünyanın diqqətini cəlb edib. Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri festivalda dünya şöhrətli musiqiçilərin və gənc ifaçıların ifasında səslənir. Burada ustad dərsləri keçirilir, kamera, klassik, folklor, caz musiqisi səslənir, yaradıcılıq əlaqələri qurulur. Bu festivala gələnlərin əksəriyyəti klassik musiqi dünyasını özü üçün yenidən açır. Musiqi dili sərhədsiz və universaldır, insanların qarşısında qarşılıqlı əməkdaşlıq və səmimi dialoq üçün ən geniş perspektivləri açır.

- Daha hansı musiqi janrlarını bəyənirsiniz?

- Pop-caz musiqisini və Stiv Uander, Şade, Corc Benson kimi ifaçıları və digərlərini bəyənirəm.

- Azərbaycanın hansı skripkaçılarını tanıyırsınız?

- Natiq Nuriyev, Abbas Əliyev, Ceyhun İsmayılovu tanıyıram, həmçinin gitaraçı Rəmişin ifasını çox bəyənirəm. Beynəlxalq müsabiqələrin laureatı olan qardaşım oğlu Elvin Qəniyev də skripkaçıdır. O, dəfələrlə Azərbaycanda çıxış edib. Onun böyük gələcəyi var.

- Musiqidən başqa, maraqlandığınız daha hansı sahələr var?

- Uşaqlıqdan avtomobilləri çox sevirəm, müxtəlif ölkə və şəhərlərə səyahət etməyi xoşlayıram. Neçə avtomobil dəyişdiyimi deməkdə çətinlik çəkirəm, lakin 90-cı illərin əvvəllərində Azərbaycan-Türkiyə sərhədi açılan zaman sərhədi "Lada" avtomobilində keçən ilk dəfə mən olmuşam. Bundan başqa, futbolu çox sevirəm və "Qalatasaray" komandasına azarkeşlik edirəm.

- Yeri gəlmişkən futbol üzrə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Türkiyə yığmaları eyni qrupda mübarizə aparırdılar, Bakıda isə millimiz Türkiyəyə qalib gəlmişdi. Bunu Türkiyədə necə qəbul etdilər?

- (Gülür) Məni qələbəyə görə təbrik edirdilər. Axı mən Azərbaycana azarkeşlik edirdim. Heydər Əliyevin dediyi kimi, biz "bir millət iki dövlətik". Ankarada mənim evimin yaxınlığında Azərbaycanın Türkiyədəki səfirliyi yerləşir və biz birlikdə qonaqları qəbul edir, müxtəlif tədbirlər keçiririk.

- Gələcək planlarınızdan danışardınız...

- Uzun illərdir Türkiyədə yaşayır və çalışıram, bu qardaş ölkədə klassik incəsənətin inkişafına öz töhfəmi vermişəm. Mənim artıq 48 yaşım var və Bakıya qayıdıb bilik və bacarıqlarımı öz ölkəmdə paylaşmaq istərdim. Bəlkə də məktəb açmaq və simfonik orkestr yaratmaq imkanı oldu.

Bir daha dəvətə görə hər kəsə öz təşəkkürümü bildirirəm. Yeni görüşlərədək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti