...

Bakıda Səttar Bəhlulzadənin ev-muzeyinin yenidənqurmadan sonra açılışı olacaq

Mədəniyyət Materials 22 May 2014 16:05 (UTC +04:00)
Mayın 23-də Bakı şəhəri, Əmircan qəsəbəsində (Əlisöhbət Sumbatzadə küç.,5a) xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçiriləcək.
Bakıda Səttar Bəhlulzadənin ev-muzeyinin yenidənqurmadan sonra açılışı olacaq

Azərbaycan, Bakı, 22 may /Trend/

Mayın 23-də Bakı şəhəri, Əmircan qəsəbəsində (Əlisöhbət Sumbatzadə küç.,5a) xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, muzey ümummilli lider Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyin təşkil olunması haqqında sərəncamına əsasən 1994-cü ildə yaradılıb.

Nazirlik tərəfindən S.Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparılıb, burada rəssamın ev-muzeyinin yeni ekspozisiyası yaradılıb. Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq və 1 dəhlizdən ibarətdir. Dəhlizdə S.Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, həmçinin "Yuxarı Daşaltı" əsərinin reproduksiyası nümayiş olunur.

Muzeyin kiçik otağında rəssamın "Corat qovunları" adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb. Zalda S.Bəhlulzadənin "Mənim anam", "Kəpəzin göz yaşları", "Bazardüzü" əsərlərinin reproduksiyaları, heykəltəraş Pyotr Sabsayın "S.Bəhlulzadənin portreti" adlı əsəri nümayiş olunur.

Vitrinlərdə əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, S.Bəhlulzadənin müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərindən dəvətnamələr və şəxsi sənədləri nümayiş olunur.

Ekspozisiyada S.Bəhlulzadənin və anası Hökümə xanınım fotoları, "Qudyalçay vadisi", "Füzuli", "Məcnun" və başqa əsərlərinin reproduksiyaları, rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda, S.Bəhlulzadə haqqında yazılmış kitablar, rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, əsərlərin reproduksiyaları, rəssamın fotoları, başqa məişət əşyaları sərgilənir.

S.Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-1931-ci illərdə rəssamlıq məktəblərinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın tələbəsi olub.

Yaradıcılığa qəzetdə Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. S.Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunub. Əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Moskva və digər şəhərlərin muzeylərində saxlanılır.

S.Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunub, qəbri üstündə ona abidə ucaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti